...

Birinci vitse-spiker: "Seçki komissiyalarını paritet əsaslarla formalaşdırmaq olmaz"

Siyasət Materials 13 Aprel 2007 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Seçki komissiyalarını paritet əsaslarla formalaşdırmaq olmaz. Bu barədə Milli Məclisin cümə günü keçirilən iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

"Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında" qanun müzakirə olunan zaman müxalifətyönlü Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu qeyd edib ki, qanunda nəzərdə tutulduğu kimi, yerli problemlərin həlli üçün bələdiyyə orqanları və icra hakimiyyəti nümayəndələrindən ibarət komissiyanın paritet əsasda yaradılması mümkün deyil. F.Qəzənfəroğlu bildirib ki, paritet əsasda yaradılacaq komissiya normal fəaliyyət göstərə bilməyəcək.

F.Qəzənfəroğlu çıxışını bitirən kimi parlament sədrinin birinci müavini Ziyafət Əsgərov söz alaraq F.Qəzənfəroğlunun fikrinə münasibət bildirib. Z.Əsgərov komissiyaların paritet əsasda formalaşdırılmasının mümkünsüzlüyünü Seçki Məcəlləsinə də aid edib: "Nəhayət ki, Fazil müəllim müxalifətdən olsa da etiraf etdi ki, paritet əsasda komissiya yaratmaq olmaz. Bu, seçki komissiyalarına da aiddir. Paritet əsasda seçki komissiyası yaratmaq olmaz".

Xəbər lenti

Xəbər lenti