Azərbaycan, Bakı / müx. Trend S.Ağayeva / Latviya Azərbaycanı Avropa Birliyinə inteqrasiya məsələsində dəstəkləməyə hazırdır. Bu sözləri bu gün Azərbaycan XİN rəhbəri ilə görüşdən sonra keçirilən brifinqdə Latviya xarici işlər naziri Artis Pabriks deyib.
Onun sözlərinə görə, bu dəstək iqtisadiyyat, energetika və təhlükəsizlik sahəsindəki islahatlara yardımı nəzərdə tutur. Latviyanın Azərbaycanı bölgənin iqtisadi lideri kimi gördüyünü deyən nazir qeyd edib ki, Latviya hökumətinin Azərbaycanla əməkdaşlığı nəzərdə tutan çoxlu sayda layihə və planları var.
Öz növbəsində Azərbaycan XİN rəhbəri qeyd edib ki, latviyalı həmkarı ilə görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı müxtəlif məsələləri müzakirə edib. Onun sözlərinə görə, Latviya birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Məmmədyarov onu da əlavə edib ki, müzakirələr zamanı Azərbaycan mədəniyyəti günlərinin Latviyada və Latviya mədəniyyəti günlərinin Azərbaycanda keçirilməsinə dair razılıq əldə olunub.