...

Politoloq: "Belə davam edərsə, Azərbaycanda hərbi aktivlik diplomatik aktivliyi üstələyə bilər"

Siyasət Materials 7 May 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu ilin aprelində Azərbaycan diplomatiyasının fəallığı ən pik nöqtəsinə çatdı. Bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu bazar ertəsi açıqlama verib. O, apreldə beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair aylıq hesabatını təqdim edib.

ABŞ-İran münasibətlərindəki gərginliyin ötən ay da davam etdiyini deyən SİTM sədri rəsmi Tehranın konkret məsələlər üzrə qeyri-müəyyən siyasət apardığını bildirib. Politoloq həmçinin qeyd edib ki, son vaxtlar dünyada gərginlik ocaqlarının sayı artmaqdadır. Politoloq apreldə Mərkəzi Asiya regionunda dövlətlər arasında ikitərəfli əlaqələrin intensivləşdiyini qeyd edib, Qazaxıstan prezidenti N.Nazarbayev Qırğızıstana, Qazaxıstanın baş nazirinin isə Türkmənistana səfərini xatırladıb.

Cənubi Qafqaz regionuna gəlincə, SİTM sədri Buş administrasiyasının Rusiyanın bölgədə "neqativ davranışından" narahat olduğunu deyib.

Apreldə Ermənistanda hakimiyyətdaxili qarşıdurmanın daha da dərinləşdiyini bildirən Əhmədoğlu baş nazir təyinatının bu ziddiyyətləri bir qədər də kəskinləşdirdiyini vurğulayıb: "Diqqət çəkən məqam odur ki, yeni müdafiə naziri R.Köçəryanın deyil, S.Sərkisyanın tərəfdarıdır. R.Köçəryan bu vəzifəni daşnakların nümayəndəsi A.Aqabekyana vermək istəyirdi".

Azərbaycana gəlincə, SİTM sədri deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rəsmi Bakının apardığı siyasət keyfiyyət dəyişikliyi ərəfəsindədir. Onun fikrincə, ölkənin iqtisadiyyatı və ümumi nüfuzu yüksəlməklə yanaşı, həm diplomatik, həm də qoşunların təmas xəttində hərbi aktivlik artırılır: "Belə davam edərsə, hərbi aktivlik diplomatik aktivliyi üstələyə bilər. Azərbaycanın siyasi rəhbərliyinin çevik reaksiyası və diplomatiyamızın fəallığı nəticəsində ABŞ Dövlət Departamentinin insan hüquqlarının vəziyyəti ilə bağlı ənənəvi illik hesabatında Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ermənilər tərəfindən edilmiş dəyişikliklər aradan qaldırıldı".

M.Əhmədoğlu Rusiya-Gürcüstan münasibətlərindəki gərginliyin ötən ay da davam etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti