...

RF XİN nümayəndəsi: Azərbaycan rəhbərliyi tərəfindən rus dili səviyyəsinin dəstəklənməsi bizi sevindirir və Rusiyanın maraqlarına cavab verir

Siyasət Materials 23 May 2007 13:28 (UTC +04:00)
RF XİN nümayəndəsi: Azərbaycan rəhbərliyi tərəfindən rus dili səviyyəsinin dəstəklənməsi bizi sevindirir və Rusiyanın maraqlarına cavab verir

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Azərbaycanda çoxlu sayda rusdilli qəzetlərin olması və buna heç kəsin maneçilik yaratmaması, məktəb və ali məktəblərdə rusdilli təhsilin kifayət qədər layiqli səviyyəsi və hakimiyyətin bu kursu dəstəkləməsi faktdır və fakt olaraq qalır. Bununla bağlı heç bir məsələ qalmayıb, bu bizi sevindirir və tamamilə Rusiyanın maraqlarına cavab verir. Bu barədə Moskvada RF XİN mətbuat mərkəzində Trend in xüsusi müxbirinin sualına cavab verən RF XİN-in xaricdə yaşayan soydaşlarla iş üzrə departamentin rəhbəri Aleksandr Çepurin bəyan edib.

O həmçinin qeyd edib ki, Azərbaycan əhalisi təxminən 9 milyon nəfər təşkil edir, onlar arasında ruslar və rusdillilər, qeyri-etnik azərbaycanlılar təxminən 180 min nəfərdir. Bu da təxminən 1,5-2 faiz təşkil edir. Aleksandr Çepurin xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycan Ermənistan nümayəndələrinin də iştirak etdiyi Zaqafqaziyada soydaşların regional konfransının keçirilməsinə mehribanlıqla razılıq verib. Onun sözlərinə görə, tədbir yüksək səviyyədə keçib. "Cənab Əliyev bu konfransla əlaqədar bizi bir həftə bundan əvvəl qəbul edib və 40 dəqiqə Azərbaycanda rus dili ilə bağlı vəziyyət barədə danışıb, daha sonra aksentə görə kimin hansı ölkədən olduğunu müəyyən edirdi", - deyə Rusiya XİN nümayəndəsi bildirib.

Trend in xüsusi müxbirinin miqrantların rus dilinin öyrənilməsi məcburiliyi ilə bağlı sualına cavab verən cənab Çepurin qeyd edib ki, bu məsələ gündəlikdədir, lakin bu məsələ kifayət qədər spesifikdir və əsasən Rusiyann Federal Miqrasiya Xidmətinin icrasındadır. "Bu prosesin plan və mexanizmləri barədə danışmaq hələ çətin və tezdir", deyə Aleksandr Çepurin bildirib.

Cənab Çepurin məlumat verib ki, rus dilinin dövlət dili statusu olduğu yeganə dövlət Belarusdur, məsələn Latviyada rus dili xarici dil elan olunub. Onların apardığı statistikaya əsasən, yaxın xaricdə 17-18 milyon, uzaq xaric ölkələrində (Almaniya, İsrail, Fransa və s.) 10-11 milyon rus və rusdilli yaşayır. Çepurinin sözlərinə görə, yuxarıda adıçəkilən ölkələrdə rusların sayı Rusiyaya axın və ya digər səbəbdən getdikcə azalır. Belə ki, Qazaxıstan və Ukraynada ruslar əhalinin 30%-ni, Estoniya və Latviyada təxminən 3%-ni, Özbəkistan və Litvada 5-10%-ni, Qırğızıstan, Moldova və Belarusda 10%-dən çoxunu, Tacikistanda 1%-dən azını, Ermənistan və Türkmənistanda 0,5%-dən azını təşkil edir. Bu statistikaya əsasən, MDB məkanında iki ölkənin - Türkmənistan və Tacikistanın hərəsində bir rus məktəbi var.

"Yaxın xaricin bəzi dövlətlərin rus dili, rus dilli təhsili və rus dilində kargüzarlığı düzgün təbliğ etməməsi üzrə siyasəti bizi narahat etməyə bilməz", deyə Çepurin bildirib.

O həmçinin bildirib ki, rus biznesi rusdilli məkan ideyasına ya kömək edir, ya da pis kömək edir. "Məsələn, Baltikyanı ölkələr və Qazaxıstanda yaxşı vəziyyətdə olan rus və rusdillilər var. Lakin mən heç eşitməmişəm ki, onlardan hansısa biri konsert və ya hər hansı bir mədəni tədir keçirsin. Yəqin ki, bizim tərəfimizdən də mənəvi təşviq sistemi yoxdur", - deyə Çepurin vurğulayıb.

O məlumat verib ki, Rusiya prezidenti tərəfindən 2007-ci il rus dili ili elan olunub və rus dilinin dəstəyi üzrə siyasət RF XİN-in üç əsas dövlət proqramına uyğun həyata keçirilir. Onun sözlərinə görə, bu işə fəal olaraq hökumət komissiyasının tərkibinə digər nazirlik və təsisatlar daxildir və regional səviyyədə də iş aparılır, rus dilinin dəstəklənməsində xüsusi fəallığı Tatarıstan və Sankt-Peterburq göstərir.

"Xaricdə fəal olaraq rus xarici mərkəzləri, rus evləri, 70-dən çox mədəniyyət mərkəzi, 3 min Rusiya təşkilatı fəaliyyət göstərir. Onların nəzdində rus dili kursları təşkil olunub. Biz 300-dən çox məşhur şəxsiyyət haqqında "Rus xaricində kim kimdir" ensiklopediyasını nəşr etdirməyə, hər bir ölkədə "Ruslar....." kitablarını buraxmağa, rus dili-ədəbiyyatı, sənədli və bədii filmlərin tirajını artırmağa, kitabxanaları daha da zənginləşdirməyə, hətta müxtəlif ölkələrdə 200 rusdilli kitabxana yaratmağa və s. hazırlaşırıq. Bütün bunların hamısı xüsusi dövlət proqramları hesabına maliyyələşdirilir", - deyə Çepurin qeyd edib.

Bundan başqa, o vurğulayıb ki, Rusiya soydaşlarının xaricdən köçürülməsində maraqlıdır. Lakin onun sözlərinə görə, bu məcburi xarakter daşımır və daşıya bilməz. "Hazırda Rusiya səfirlikləri Rusiyaya köçmək arzusunda olanların qeydiyyatı ilə məşğuldur. Bu ruslar əsasən Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistandandır. Lakin qeyd edim ki, köçmək arzusunda olanlar bütün regionlara deyil, yalnız 12 regiona köçürülə bilər", deyə Aleksandr Çepurin bildirib.

RF XİN departament rəhbəri həmçinin məlumat verib ki, 29-30 may tarixində Moskvada müvafiq rəsmi şəxslər və ekspertlərin iştirakı ilə yaxın və uzaq xaricdə rus dilinin statusu üzrə böyük konfrans keçiriləcək. Onun sözlərinə görə, konfransı hökumət komissiyasının rəhbəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov açacaq.

Xəbər lenti

Xəbər lenti