...

Vitse-spiker: "Hakim partiya müxalifətlə dialoqa hazırdır"

Siyasət Materials 15 İyun 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Siyasi partiyalar arasında dialoqa hər zaman ehtiyac var və bunu prezident İlham Əliyev də dəfələrlə bəyan edib. Bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

"Yeni Azərbaycan Partiyası olaraq bunu nəyinki bəyan etmişik, eyni zamanda bu istiqamətdə konkret addımlar atmışıq. Ona görə də istənilən məsələ ilə bağlı partiyalar arasında müzakirələr aparmaq olar. YAP dialoqa və danışıqlara hazır bir partiyadır və bundan heç vaxt çəkinməmişik", -deyə Muradova əlavə edib.

Onun fikrincə, iqtidar-müxalifət dialoqunun baş tutmamasının müxtəlif səbəbləri var. Vitse-spiker qeyd edib ki, qarşı tərəf dialoq deyəndə yalnız özlərinin bu və ya digər məqsədlərinə hesablanmış maraqlarının ödənilməsini və yalnız bunun ətrafında müzakirələrin aparılmasını nəzərdə tutur. Ona görə də iqtidar-müxalifət dialoqu baş tutmur. "Hesab edirəm ki, partiyaların fəaliyyətinə mane olacaq hər hansı bir məsələ, ölkənin ictimai-siyasi vəzəyyətinə təsir göstərəcək və bütün siyasi partiyaların ümumi mövqeyinin ortaya qoyulmasını tələb edən problem, iqtisadiyyat, mətbuat məsələləri iqtidar-müxalifət arasında dialoq predmeti ola bilər. Biz istənilən məsələnin müzakirəsinə hazırıq" -deyə o vurğulayıb.

2005-ci ildə keçirilən parlament seçkilərindən əvvəl ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə iqtidar-müxalifət arasında bir neçə görüş keçirilib. Bu görüşlər nəticəsiz başa çatıb və sonradan bu görüşlər dayandırılıb.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 il hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti