...

ACP liderinin müşaviri bu partiyanın üzvü olub-olmadığını bilmir

Siyasət Materials 2 İyul 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Aydın Quliyev bu partiyanın üzvü olub-olmadığını bilmir. Bu barədə Quliyev özü açıqlama verib.

O bildirib ki, sədrin müşaviri partiyanın icra strukturuna aid vəzifə deyil və o, partiyaya üzv olmaq üçün də ərizə verməyib.

"Mənim ACP-nin üzvü olub-olmamağımla bağlı hər hansı sənəd yoxdur. Mən partiyanın rəhbər strukturlarının toplantılarında da iştirak etmirəm" - deyə Quliyev bildirib. O, bunun səbəblərini izah edərkən qeyd edib ki, toplantılara qatılmaması onun öz hüququdur. Quliyev hesab edir ki, ACP-nin fəaliyyətində iştirak etmədiyinə, iclaslara qatılmadığına görə yaranan məsuliyyəti isə partiya özü həll etməlidir.

Quliyev ACP ilə əlaqəsinin olmadığını deyib, amma ümumilikdə siyasətdən kənarda qalmayacağını da vurğulayıb. O, həmçinin əlavə edib ki, hazırda başqa partiyalara qoşulmağı nəzərdə tutmur.

ACP-nin sədr müavini Yaqub Abbasov məsələyə aydınlıq gətirərkən bildirib ki, Quliyev həm Ali Məclisin, həm də İdarə Heyətinn üzvüdür. Onun sözlərinə görə, ACP Azərbaycan Demokrat Partiyasının bazasında yaradıldığı üçün əvvəlki ADP üzvlərinin ərizə ilə müraciət etməsinə ehtiyac yoxdur. Abbasov əlavə edib ki, Quliyevin iclaslarda iştirak etməməsi onun öz işidir və hazırda partiyadan uzaqlaşdırılması məsələsi gündəmdə deyil.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti