Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Avropa Şurasının təqdim etdiyi siyahıda adı olan bütün məhbuslar azadlığa buraxılıb və Azərbaycan üçün siyasi məhbus problemi qapanıb. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov bildirib.
AŞPA-nın Monitorinq Komitəsinin sentyabrın 13-də Parisdə keçirilən iclasında Azərbaycanda siyasi məhbus probleminə dair müzakirələr aparılıb. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib ki, ölkədə siyasi məhbus problemi həll olunmamış qalır. Siyasi məhbuslar arasında səhhətində ciddi problemlər olanlar var və onların vəziyyəti narahatlıq doğurur.
Hüseynov isə hesab edir ki, Azərbaycan Avropa Şurasına daxil olanda ,öz üzərinə siyasi məhbuslarla bağlı öhdəliklər götürəndə səhvə yol verib: "Düşünürəm ki, bu, təcrübəsizlik uçbatından imzalanmış bir sənəd idi".
Nümayəndə heyətinin üzvü sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və keçmiş səhiyyə naziri Əli İnsanovun siyasi məhbus kimi təqdim olunması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, heç bir beynəlxalq təşkilat sabiq nazirləri siyasi məhbus hesab etmir və onlar konkret cinayətlərdə ittiham olunurlar: "İqtisadi cinayətlər törətmiş ayrı-ayrı şəxslərin məsələsinə başqa formada yanaşmaq və onları siyasi məhbus kimi təqdim etmək düzgün deyil".