Azərbaycan, Bakı, 26 oktyabr/müx.TrendLife Fərid Sadıqov/
Azərbaycanda uşaq mahnılarının öyrədilməsi ilə məşğul olan müxtəlif yaradıcılıq təşkilatları fəaliyyət göstərir. Onlardan ən böyüyü Dövlət Uşaq Filarmoniyasıdır. Uşaqların yaradıcılıq potensialının inkişafı üçün böyük imkanlar açan Filarmoniya, onlara sənətin sirlərinə yiyələnməkdə çox kömək edir. Burada peşəkar sənətkarlardan dərs alan azərbaycanlı uşaqlar dəfələrlə bir çox beynəlxalq tədbirlərdə, konsertlərdə uğurlu nəaliyyətlər əldə ediblər.
Təəssüf ki, hazırda uşaq mahnılarımızın təbliği istiqamətində görülən işləri qənaətbəxş saymaq olmaz. Şou-proqramların yayımına daha çox üstünlük verən telekanallarda uşaq mahnıları az səsləndirilir. Ən acınacaqlı hal odur ki, bu gün milli uşaq mahnılarımızdan ibarət SD və DVD disklər, audiokassetlər istehsal olunmur. TrendLife-in apardığı araşdırma nəticəsində məlum olub ki, hazırda satışda belə disk və ya kasetlər yoxdur. Əvəzində, audiovizual sənaye mallarının satıldığı ticarət obyektlərindən rus və xarici uşaq mahnılarının yazıldığı disklər, audiokasetlər tapmaq mümkündür
Milli uşaq mahnılarımızdan ibarət disk və audiokasetlərin təkcə satışda deyil, həm də hər bir ailədə olması çox vacibdir. Unutmaq olmaz ki, əcnəbi musiqilərə deyil, milli mahnılara qulaq asmaq uşaqlarımıza milli ruh, vətənpərvərlik hissləri aşılayır.