...

Azərbaycan məhkəmələrində prokurorlar məhkəmə zallarında, hakimlərin otaqlarında oturur, vəkillər dəhlizlərdə gözləyirlər-beynəlxalq ekspert

Cəmiyyət Materials 12 Noyabr 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan məhkəmələrində prokurorlar məhkəmə zallarında, hakimlərin otaqlarında oturur, vəkillərsə, dəhlizlərdə gözləyirlər. Bunu bazar ertəsi hakimliyə namizədlərin tədris kursu çərçivəsində keçirilmiş seminarda Amerika Hüquqşünaslar Assosiasiyasının cinayət qanunvericiliyi üzrə eksperti Alan Qabel bildirib.

Ekspert hesab edir ki, bu, məhkəmələrin qərəzliliyinə səbəb olan amillərdəndir.

Hakimliyə namizədlərlə keçirilən yarım illik kursun tədris proqramına əsasən, ABŞ səfirliyinin, ATƏT və Amerika Hüquqşünaslar Asossiyasiyasının dəstəyi ilə namizədlərlə bir həftəlik seminar təşkil olunub. Seminarda məhkəmə qərarlarının tərtibi, məhkəmə iclaslarının idarə olunması, hakimlərin etik davranışı, çəkişmə prinsipinin təmini məsələlərinə diqqət yetiriləcək, namizədlərin hakimlik vərdişlərinə yiyələnmələri məqsədilə, səhnələşdirilmiş məhkəmə prosesləri keçiriləcək.

Qabel hakimliyə namizədlərin diqqətinə çatdırıb ki, hakim tərəflərdən hər hansı birini qarşı tərəfin iştirakı olmadan qəbul etməməlidir. "Vəkil ya da prokuror sizin yanınıza tək gəlib işlə bağlı danışmaq istəyirsə, bu, qanunsuzdur. Siz buna yox deməlisiniz. Hakimlər işə tərəfsiz yanaşmalıdırlar",-deyə ekspert bildirib.

Qabel qeyd edib ki, hakim şahidə sual verməməli və ya bu suallar qərəzsiz olsa belə, dəfələrlə təkrar etməməlidir. Onun fikrincə, sualların təkrarlanması qərəzliliyə dəlalət edir: "Hakim şahidə prokuror və ya vəkil kimi sual verməməlidir. Hakim tərəfləri diqqətlə dinləməli, sübutları araşdırmalı və hüquqları və səlahiyyətləri çərçivəsində, qərar qəbul etməlidir".

Beynəlxalq ekspertin qənaətincə, Azərbaycan məhkəmələrində çəkişmə üçün tərəflərə bərabər imkanlar yaradılmır, hakimlərdə prosesə qədər baxılacaq işlə bağlı fikir formalşır.

Tədbirdə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və ABŞ-ın ölkəmizdəki səfiri xanım Ənn Ders iştirak ediblər.

Hakimliyə namizədlərlə keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 102 nəfər namizəd növbəti mərhələyə -uzunmüddətli tədris kurslarına buraxılıblar.

Kursun tədris proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb, proqrama insan hüquqlarının qorunması, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair mövzular daxil edilib.

Xəbər lenti

Xəbər lenti