...

Deputatlar "Azadlıq" qəzetinin baş redaktorunun azadlığa buraxılmasını xahiş edirlər

Cəmiyyət Materials 13 Noyabr 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin bir qrup deputatı 2 gün əvvəl həbs olunmuş "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun azadlığa buraxılması üçün baş prokuror Zakir Qaralova müraciət hazırlayıblar. Bu barədə çərşənbə axşamı jurnalistlərə millət vəkili Pənah Hüseyn məlumat verib.

Onun sözlərinə görə, müraciəti 12 nəfər deputat imzalayıb və daha beş nəfərin də imzalaması gözlənilir. Müraciət bu gün baş prokurora gjöndəriləcək.

Hüseynin sözlərinə görə, deputatlar əvvəlcə Zahidovu zaminə götürmək üçün müraciət etməyi nəzərdə tutmuşdular. Lakin sonra araşdırma nəticəsində məlum olub ki, qanunvericilikdə saxlanılan şəxsi zaminə götürmək barədə müddəa yoxdur. Ona görə də millət vəkilləri jurnalistin barəsindəki həbs qərarının dəyişdirilməsi xahişi ilə baş prokurora müraciət etməyi qərara alıblar.

Müraciətdə qeyd olunur ki, baş redaktorun himayəsində 4 azyaşlı uşaq var, o, ailədə yeganə gəlir gətirən şəxsdir və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Mirzə Sakitin 5 nəfərlik ailəsi də onun himayəsindədir. Həmçinin bildirilir ki, Zahidovun ittiham olunduğu cinayət əməli böyük ictimai təhlükə yaratmır, bu maddə ilə bağlı əlavə sanksiyalar var. Müraciətdə bu amillərin, həmçinin Zahidovun tanınmış mətbuat nümayəndəsi olmasının, onun həbsindən xaicdə Azərbaycana dost olmayan qüvvələrin ölkəmizə qarşı istifadə edə biləcəyinin nəzərə alınması xahiş olunur.

"Biz müraciəti tam neytral şəkildə hazırlamışıq və orada heç bir siyasi rəy verilməyib" - deyə Hüseyn bildirib.

"Azadlıq" qəzetinin baş redaktoru qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda ittiham olunaraq Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilib.

Əgər ittihamlar sübut olunarsa, baş redaktoru 3 ilə qədər həbs gözləyir.

Zahidov həbsini özünə qarşı hazırlanmış təxribat kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti