...

Müğənni Almaz Ələsgərova muğam öyrənmək niyyətindədir

Cəmiyyət Materials 10 Dekabr 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /müx. TrendLife Türkan İmaməliyeva/

Əməkdar artist Almaz Ələsgərovanın yaradıcılığında bir sıra yeniliklər var. Müğənni "Əhsən" klipindən sonra repertuarı üzərində ciddi işləmək qərarına gəlib. Belə ki, retro mahnılara müraciət edəcək müğənni yeni albomunda Cahangir Cahangirovun, Tofiq Quliyevin, İzolda Babayevanın musiqilərinə üstünlük verəcək. Yeri gəlmişkən, onu da xatırladaq ki, İzolda Babayevanın musiqilərinə son illər müğənnilər demək olar ki, qətiyyən müraciət etməyiblər. Halbuki, bəstəkarın kifayət qədər ciddi və maraqlı musiqiləri olub. Xatırlatmaq üçün onu da qeyd edək ki, İzolda Babayevanın mahnılarını uzun illər öncə xalq artisti İlhamə Quliyeva, Elmira Rəhimova ifa ediblər. Almaz Ələsgərova da İzolda xanımın "İnanmaq istəyir", "O gözlər" mahnılarını albomuna daxil etməyi düşünür. Bir sözlə, həmin mahnılar əməkdar artistin ifasında bərpa olunacaq. Bundan əlavə, sənətçi Cahangir Cahangirovun "Alagöz", "Zərif gülüm" mahnıları üzərində də çalışır. Klip çəkilişlərinə gəlincə isə, çox güman ki, alboma daxil olacaq mahnıların ekran versiyası hazırlanacaq. Müğənninin ən son yeniliklərindən biri də odur ki, o, artıq muğam öyrənməyə başlayıb. Sənətçi bizimlə söhbətində qeyd etdi ki, əvvəllər az-çox muğam barədə öyrənməyə çalışsa da, artıq bunu professional şəkildə mənimsəməyi qarşısına məqsəd qoyub. Əvvəllər muğamı Qəzənfər müəllimdən öyrəndiyini deyən sənətçi hazırda ən məşhur xanəndələrin ifasında səslənən muğam parçalarını dönə-dönə dinləyir. Onun fikrincə, hər bir sənətçi ifa etdiyi janrdan asılı olmayaraq muğamı bilməlidir. Yeni ilin əvvəllərində isə Almaz Ələsgərova pərəstişkarlarına yeni diskini təqdim etməyi düşünür.

Xəbər lenti

Xəbər lenti