...

Azərbaycan diaspor təşkılatları Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirlər

Cəmiyyət Materials 26 Dekabr 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Xarici ölkələrdə yaşayan azərbaycanlılar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlərə start veriblər. Bu barədə çərşənbə günü Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dekabrın 25-də Moldova Azərbaycanlıları Konqresinin və Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə Kişinyovda geniş bayram şənliyi təşkil olunub. Rəsmi qəbulla yanaşı, Moldovada yaşayan azərbaycanlı uşaqlar üçün də ayrıca bayram şənliyi keçirilib.

Çərşənbə axşamı Latviyanın paytaxtı Riqada "Ocaq" Mədəniyyət Mərkəzi və Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə də tədbir keçirilib. Konsert proqramı ilə yekunlaşan toplantıda azərbaycanlılarla yanaşı, Latviya İnteqrasiya Nazirliyinin nümayəndələri də iştirak edib.

Dekabrın 27-də izə Ukrayna Azərbaycanlıları Konqresi Kiyevdə bayram tədbiri keçirəcək. Sabah ABŞ-ın Nyu-York şəhərindəki "Baku Palace" restoranında Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi tərəfindən təntənəli mərasim təşkil olunacaq. Tədbirin rəsmi hissəsindən sonra Dövlət Komitəsi tərəfindən təqdim edilmiş və dünya azərbaycanlılarının həmrəyliyini əks etdirən sənədli film nümayiş olunacaq, ziyafət veriləcək. Azərbaycanın ABŞ-dakı səfirliyi isə, Həmrəylik Günü münasibətilə dekabrın 28-də tədbir keçirəcək.

Dekabrın 28-də Moskvadakı "Bakı" kinoteatrında Ümumrusiya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə təntənəli toplantı olacaq. Rusiyanın Novosibirsk və Surqut şəhərlərində də Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd ediləcək.

Çexiyadakı "Azər-Çex" cəmiyyətinin Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təşkil edəcəyi toplantı da dekabrın 28-nə təyin olunub.

Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə dekabrın 29-da Türkiyənin İzmir şəhərində Aslancak Mədəniyyət Mərkəzində azərbaycanlıların yaratdığı "TOY" ansamblının konserti keçiriləcək.

Həmin gün Estoniyada, dekabrın 30-da isə, Litvanın Vilnüs şəhərində soydaşlarımızın bayram tədbirləri planlaşdırılır.

Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsraildə Azərbaycan Mədəniyyət Guşəsi açılacaq.

Dekabrın 31-də isə, Finlandiya-Azərbaycan "Dostluq" Cəmiyyəti, İsveçdəki "Odlar Yurdu" və "Bütöv Azərbaycan" təşkilatları, Böyük Britaniyada fəaliyyət göstərən "Kaspian-Xəzri" London-Azərbaycan məktəbi, "Azərbaycan Evi", Hollandiyakı "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi, Avstriya-Azərbaycan Birliyi, Belarus Azərbaycan Icmaları Konqresi və digər təşkilatlar bayram tədbirləri keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti