...

Heydər Əliyev Fondu Pakistanda qızlar litseyi açır

Cəmiyyət Materials 4 Fevral 2008 14:45 (UTC +04:00)
Heydər Əliyev Fondu  Pakistanda qızlar litseyi açır

Azərbaycan, Bakı, 04 fevral/ Trend müxbir S.Ağayeva / Bu həftə Pakistanda Heydər Əliyev Fondu tərəfindən tikilən qız litseyi fəaliyyətə başlayacaq. Açılış mərasimində iştirak etmək üçün Fondun icraçı direktoru Anar Ələkbərovun başçılığı ilə nümayəndə heyəti fevralın 7-də Pakistana səfər edəcək. Bu barədə Fondan məlumat veriblər.

Məktəb Müzəffərabad şəhərinin Rara ərazisində tikilib. Fondun layihəsi 2005-ci ildə zəlzələdən sonra yarımdağılmış köhnə məktəb binasını yenisi ilə əvəz etməyə imkan verib. Yenilənmiş məktəbdə 10 sinif otağı, fənn kabinetləri, kitabxana və idman zalı var. Məktəb tədris prosesinin yüksək səviyyədə aparılmasını təmin edən ən müasir avadanlıqla təchiz edilib.

"Yeniləşən Azərbaycana yeni məktəblər" proqramına müvafiq olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Azərbaycanda 200-dən çox məktəb tikilib və istismara verilib. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Pakistanda tikilən yeni məktəb binası Fond tərəfindən xaricdə tikilən və təhsil sahəsində inkişafa xüsusi təkan verən ilk təhsil müəssisəsidir.

YUNESKO-nun Xoşməramlı Səfiri, Azərbaycan Milli Məclisinin deputatı, ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun yarandığı 2005-ci ildən etibarən fəaliyyətindəki prioritetlər uşaqlara və əhalinin xüsusi diqqət və qayğıya ehtiyacı olan daha zəif təbəqələrinə qayğı göstərməkdir. Fəaliyyətə başladığı qısa dövr ərzində Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəblər" , "Talasemiyasız həyat", "Şəkərdən əziyyət çəkən uşaqlara qayğı" , "Uşaq evlərinin və internat məktəblərinin inkişafı" və digər belə layihələri həyata keçirib və həyata keçirməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti