...

Azərbaycanın Kür və Araz çaylarında suyun səviyyəsi təhlükəli həddə çatır

Cəmiyyət Materials 26 Fevral 2008 13:00 (UTC +04:00)
Azərbaycanın Kür və Araz çaylarında suyun səviyyəsi təhlükəli həddə çatır

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir E.Hüseynli/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti bəyan edib ki, son zamanlar temperatur rejiminin nisbətən yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi ilə əlaqədar Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin dağ çaylarında sululuğun artımı müşahidə olunur. Bu barədə Trend -a nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova məlumat verib.

Yanvarın əvvəlindən fevralın sonunadək Kür çayının aşağı axınında Zərdab məntəqəsində suyun səviyyəsi 3,68 metr, Surrada (Sabirabad) 1,27 metr, Əli Bayramlıda 1,23 metr, Salyanda 1 metr, Bankədə (Neftçala) 0,44 metr, Araz çayının Novruzlu məntəqəsində isə 0,90 metr artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsi Zərdab məntəqəsində 4,25 metr, Surrada 3,39 metr, Əlibayramlıda 3,29 metr, Salyanda 2,64 metr, Bankədə 0,95 metr, Araz çayının Novruzlu məntəqəsində isə 3,04 metr yuxarıdır.

İbrahimova bildirib ki, Kür çayında hazırda su sərfi 770-800 m3/san təşkil edir ki, bu da 2007-ci il ilə müqayisədə 3,5 dəfə çoxdur (2007-ci ildə su sərfi 200-250 m3/san olub). Analoji vəziyyət 2003 və 2006-cı illərdə müşahidə edilib. Onun sözlərinə görə, yanvar ayının 1-dən fevralın 25-dək Mingəçevir su anbarının səviyyəsi 1,41 metr azalıb. Gündəlik olaraq su anbarının səviyyəsində 4-5 sm azalma müşahidə olunur. Su anbarının hazırkı səviyyəsi 77,07 metr, həcmi isə 12387 mln.m3-dir. Hazırda su anbarına ümumi gələn suyun miqdarı 385 m3/san, buraxılan suyun həcmi isə 550-580 m3/san təşkil edir ki, bu da keçən il ilə müqayisədə 2,7 dəfə çoxdur.

Şəmkir su anbarının fevralın 25-nə olan səviyyəsi 147,77 metr, həcmi isə 1615 mln. m3-dir ki, bu da ümumi həcmin 60 %-ni təşkil edir. Hazırkı səviyyələr 2007-ci ilin səviyyələrinə yaxındır. Araz su anbarının fevralın 25-nə olan səviyyəsi 771,43 metr, həcmi isə 604 mln. m3-dir ki, bu da ümumi həcmin 48 %-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti