...

Firuzə İbadovanın qızının toyu Azərbaycanın himni ilə başladı

Cəmiyyət Materials 19 Aprel 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /müx. TrendLife Şahin Cavadsoy/

"Tural" restoranında Əməkdar artist Firuzə İbadova qızı Hülyaya möhtəşəm toy çaldırdı. TrendLife olaraq bu toyda baş verənləri işıqlandırmaqda biz də maraqlı olduq. Saat 18:00-a dəvətli olan qonaqlar nədənsə bir saat yubandıqdan sonra məclisə təşrif buyurdular. Bu səbəbdən də gecənin əsas qəhrəmanları Hülya-Cavid cütlüyü bir xeyli onları gətirən avtomobildə oturmaq məcburiyyətndə qaldı. Ancaq gecikmə bəylə-gəlinin əhvalını zərrə qədər də pozmadı. Maşında şirin-şirin söhbət edən cütlüyə diqqət yetirən zaman bunun şahidi olduq. Öncə Hülya danışdı: "Ağ gəlinlikdə özümü çox sərbəst hiss edirəm. Əminəm ki, toyumuz biz gözləyəndən də maraqlı keçəcək". Cavid bəy isə yalnız başını tərpətməklə, gələcək həyat yoldaşının sözlərini təsdiqlədi.

İçəri daxil olduq və qarşımıza olduqca təlaşlı görünən qız anası Firuzə xanım çıxdı. Toyqabağı təəssüratlarını öyrənə bilməsək də, məclisə daxil olduq. Bu məqamda isə prodüser Toliklə qarşılaşdıq. Qeyd edək ki, Tolik bu məclisinin ərsəyə gəlməsində Firuzə xanıma köməklik göstərirdi. Əlindəki siyahıya uyğun müğənniləri qarşılayan prodüser, onların nə zaman çıxış edəcəyini də müəyyənləşdirirdi.

Nəhayət ki, məclisi idarə edən "Cavanşir" estrada qrupunun tamadası Fikrət Ağakişey məclisə gələn qonaqları salamladı. Daha sonra "Səadət Sarayı"nın nümayəndəsi Gültəkin xanım cütlüyün qanuni nikaha girdiyini təsdiq edən vəsiqəni onlara təqdim etdi. Fərqlilik ondan ibarət oldu ki, toyu idarə etməyi boynuna götürən Firuzə xanımın 12 illik tərəf müqabili Cavanşir Məmmədov bu məqamda Azərbaycanın dövlət himninin səsləndiriləcəyini elan etdi. Himn səslənəndə bütün məclis iştirakçıları ayağa qalxdı və meydanda bayrağımız dalğalandı. Bütün bunlardan sonra bir vur-çatlasın başladı ki, gəl-görəsən. Bir-birinin ardınca səhnəyə çıxan müğənnilər səbəbkarlara təbriklərini ünvanlamaqla yanaşı, oxuduqları mahnıları ilə də meydanı qızışdırdılar. Xalq artisti Ağaxan Abdullayev, Məleykə Əsədova, Azər Zeynalov, Mənsum İbrahimov, Aygün Bayramova; Əməkdar artistlər - Ədalət Şükürov, Baloğlan Əşrəfov, Nazpəri Dostəliyeva, Mətanət İsgəndərli, Almaz Ələsgərli, Ruhəngiz Allahverdiyevanın təbriklərinə müğənnilər - Zöhrə Abdullayeva, Nazənin, Aybəniz Haşımova, Xatun, Xuraman Şuşalı, Nurcan, Səbinə İlyasova, Samirə Yusifqızı, Sabir Əhmədov, Elnur, Mətanət Əsədova, Manaf Ağayev, Arzu Mələk, Tunar Rəhmanoğlu, Yaqut Babayeva, Xəyyam Nisanov; "Kristall", "M-life" qrupları; rəqqasə - Göyçək Fatimə; qarmon ifaçısı Gövhər Rzayeva və başqaları da qoşuldular. Bir sözlə toy başdan-ayağa əsl festivalı xatırladırdı. Məclisinin kuliminasiya nöqtəsində səhnəyə çıxan Röya Ayxan təxminən yarımsaatdan çox öz mahnılarını səsləndirdi. Vurğulayaq ki, Hülya Röyanın fanatlarından biridir və buna görə də sevimli müğənnisi gəlinin bütün istəklərini həyata keçirməyə çalışdı.

Xoş gününün sonunda sevincini TrendLife-la bölüşən Firuzə xanım övladlarına bu sözləri ünvanldı: "Həm öz, həm də qudam Tahirə xanımın adından bütün qonaqlara minnətdarlığımı bildirirəm. Bu təşəkkürdən sənətçi dostlarıma xüsusi pay düşür. Qızım Hülyaya, bundan sonra oğlum olan Cavid bəyə isə daimi xoşbəxlik diləyirəm. Allah bu xoş günlərini mübarək etsin".

Biz də xoş sözlərə qoşulub, cütlüyə mənalı ailə həyatı yaşamalarını arzulayırıq.

Xəbər lenti

Xəbər lenti