...

"Popstar Alaturka"da iştirakdan sonra həyatımda çox şey dəyişdi – Aygün Şükürova

Cəmiyyət Materials 19 Aprel 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /müx. TrendLife Şahin Cavadsoy/

İndi hamı ondan danışır. Gözaydınlığı verməkdən ötrü bir çoxları onu təbrik etməyə çalışır. Amma "Popstar Alaturka"nın dördüncüsü Aygün Şükürova hələ də həmin müsabiqəsini abu-havası ilə yaşayır. TrendLife -a verdiyi eksklüziv müsahibəsində də Aygün daha çox qardaş ölkənin şou-biznesində cərəyan edən hadisələr barəsində məlumat verdi. Odur ki, biganə qalmamağınız məsləhətdir:

- Aygün, ilk olaraq "Popstar Alaturka" yarışmasında iştirakından sonra həyatında nələrin dəyişməsi barədə danışsan pis olmaz.

- Həyatımda çox şey dəyişdi. Yarışmanı izləyən tamaşaçılar gördülər ki, həm Türkiyədən, həm də doğma Azərbaycanımdan necə böyük dəstək gəldi. Bu işdə sənətdə kifayət qədər tanınan simaların yardımçı olması da məni sevindirdi. Başda müsabiqənin münsiflər heyəti olmaqla, ən əsası 70 milyonluq türk xalqının könlünə girməyə müvəffəq oldum.

- Bilirik ki, "Azəri Star" yarışmasının ilk buraxılışının qaliblərindən birisən. Yerli müsabiqələrlə, dördüncü olduğun "Popstar Alaturka"nı müqayisə etmək olar?

- Təbii ki, yox. Çünki orada layihə üzərində 500 nəfərdən artıq texniki heyət çalışırdı. Yatıb-durmağımızın konkret vaxtı var idi. Oteldən icazəsiz heç yana gedə bilməzdik. Hətta yemək vaxtları da konkretləşmişdi. Məşq saatları isə çox gərgin keçirdi. Canlı efir boyu keçirdiyimiz həyəcandan, ümumiyyətlə danışmaq istəməzdim.

- Səninlə "Popstar Alaturka" yarışmasına bir yerdə qatılan həmkarın Ülviyyə Tağıyeva məğlub olub qayıtdıqdan sonra məlumat verdi ki, türk iştirakçılar ona təsəlli verdiyi halda, sən çox sevinmisən.

- Heç vaxt belə şey ola bilməz. Mən Ülviyyəni çox istəyirəm. O, özü də bunu bilir. Sadəcə, bilmirəm o nə üçün belə fikir səsləndirib. Digər tərəfdən, bu cür sualları cavablandırmaqdan bezmişəm.

- Üliviyyə onu da söyləmişdi ki, Türkiyədə yaşayan azəri qızı Günel daha çox ona dəstək olubmuş.

-Yox, bu sözlərlə də razılaşmıram. Günel ikimizi bir yerdə öz evinə qonaq aparmışdı. Ancaq Ülviyyə məğlub olandan sonra bir neçə gün Günelgildə qalmışdı. Onun ailəsinə də buradan sonsuz təşəkkürlərimi bildirirəm. Azəri qızımız birdənədir.

- Müsabiqəni davam etdirdiyin anlarda müğənni Röya Ayxanın da yetərincə dəstəyini hiss etdin.

- Əlbəttə. Öpürəm Röyamı. Qeyd etmək istəyirəm ki, Elton da qonaq qismində çıxış edəndə, öz həmrəyliyini məndən əsirgəmədi.

- Lakin deyirlər ki, Röya ilə münasibətlərinizdə sərin küləklər əsir.

-Xeyr. Gəzən söz-söhbətin heç bir əsası yoxdur. Bizim aramızda olduqca səmimi dost münasibətləri var.

- Verdiyi müsahibələrinin birində Əməkdar artist Azərin səni müsabiqədə göstərdiyin vətənpərvərliyinin az olması ilə qınadı.

- Xəbərim yoxdur, eşitməmişəm. Amma dəfələrlə çalışdım ki, hər çıxışımda Azərbaycan klassiklərinin əsərlərini ifa edim. Məncə, bundan böyük vətənpərvərlik ola bilməzdi.

- Aygün maraqlıdır, məmləkətimizdən baxanda Türkiyə şou-biznesi necə görünür?

- Çox gözəl. İnandırım sizi ki, bizim səsi olmayan ulduzlardan fərqli olaraq orada istedadsız müğənni loru dillə desək "at oynada" bilmir. Heç buna imkan da verilməz. Məsələn, bir albom çıxara bilər, lakin satış olmayandan sonra, onun karyerası məhv olur.

Bir-birinin ardınca üç dəfə müğənni Petek Dinçözün proqramında qonaq oldum. Yəni xoşları gəlirdi və ona görə həmin verilişlərə dəvətlər alırdım. Bir müqayisəni də deyim ki, Türkiyədə efirə çıxmaq üçün sənətçi pul ödəmir. Əksinə, hansısa proqrama qatılmaq üçün müğənniyə pul verirlər.

- Karyeranı Türkiyədə davam etdirməkdə əmin görünürsən. Çətin olmaz ki?

- Yaşıma görə gənc olsam da ümidlərimi itirmirəm. Dəvətlər var. Hələ necə fəaliyyət göstərəcəyim barəsində qəti fikir söyləyə bilmərəm. Bir neçə serialda rol təklifləri də almışam. Yəqin ki, sentyabr ayında onlardan birini dəyərləndirib, kamera önünə keçərəm.

- Birdən adını dəyişmək məcburiyyətində qalsan?

- Yox, nə danışırsınız? Məni "Popstar Alaturka"nın musiqi rəhbəri Selcuk Tekay çox gözəl çağırırdı- "Azəri qızı Aygün". Yəqin bu adla da Türkiyə şou-biznesində tanınaram.

- Bəs dilini yadırğamaqdan qoxmursan?

- Mənim doğma ana dilim var. Düzdür, türkcə təmiz bilirəm. Amma müsabiqədə iştirakçı olduğum anlarda da öz dilimdə danışırdım. İnanıram ki, ana dilimdə danışmağı bundan sonra də qoruyub saxlayacağam...

- Sonda sənə dəstək olan tamaşaçılarına nə deyərdin?

- Var olsunlar. Qoy öz dualarını yenə mənə çox görməsinlər. Söz verirəm ki, yaxın gələcəkdə onların etimadını artıqlaması ilə doğruldacağam.

Xəbər lenti

Xəbər lenti