...

Heydər Əliyevin 85 illik yubileyi dünyanın 30-dan çox şəhərində qeyd ediləcək

Cəmiyyət Materials 28 Aprel 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatlarının Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 85 illik yubileyinin dünyanın 30-dan çox şəhərində qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb. Bu barədə Trend a Dövlət Komitəsindən məlumat verilib.

Mayın 10-da Ankarada Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası milli liderin 85 illiyinə həsr olunmuş konfrans keçirəcək. TADF-in ofisinin açılışı da məhz həmin gün baş verəcək. Mayın 13-də Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyi Adana Böyükşəhər Bələdiyyəsinin konsert salonunda milli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə yubiley konserti təşkil edəcək. Mayın 14-də isə Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyi Heydər Əliyev Fondunun dəstəyi ilə Ceyhanda Heydər Əliyev Muzeyini açacaq və bu münasibətlə böyük konsert keçiriləcək. Bir gün sonra, mayın 15-də Türkiyənin daha bir şəhərində-İsgəndərunda Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Hatay Azərbaycan Kültür və Dayanışma Dərnəyi Atatürk meydanında ulu öndərin yubileyinə həsr olunmuş toplantı və Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert təşkil edəcəklər.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti mayın 10-da milli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konfrans düzənləyəcək. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) da Tel-Əviv şəhəri şəhərində ulu öndərin yubileyinə həsr olunmuş toplantı keçirəcək. Bu münasibətlə daha bir toplantını mayın 8-də Berlində fəaliyyət göstərən Azərbaycan Evi keçirəcək. Parisdəki Azərbaycan Evi də milli lider Heydər Əliyevin yubileyini qeyd edəcək. Mayın 3-də Niderlandın Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresi milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, dünya azərbaycanlıları arasında milli həmrəyliyin yaradılması sahəsindəki xidmətlərinə həsr olunmuş konfrans keçirəcək. Niderlandın Rotterdam şəhərində isə mayın 9-da Heydər Əliyevin 85 illiyi münasibətilə gənclər üçün kinqboksinq idman məktəbinin açılışı, mayın 10-da isə Həftə Sonu məktəbinin açılışı olacaq. Mayın 10-da Budapeştdə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın Macarıstandakı Səfirliyi ilə birgə ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş konfrans kecirəcək. Eyni adlı tədbiri həmin gün Kişinyev şəhərində Moldova Azərbaycanlıları Konqresi Azərbaycanın Moldovadakı Səfirliyi ilə birlikdə təşkil edəcək. Eks-prezidentin doğum günü Buxarestdə Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Azərbaycanın Rumıniyadakı Səfirliyi və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi birlikdə keçirəcəyi tədbirlə qeyd olunacaq.

Mayın 10-da Polşa Azərbaycan Mədəniyyət Cəmiyyəti Azərbaycanın Polşadakı səfirliyi ilə birlikdə, Praqada isə "Azəri-Çex" Cəmiyyəti milli lider Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması sahəsindəki tarixi xidmətlərinə həsr olunmuş konfranslar keçirəcəklər.

Mayın 10-da Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti və Azərbaycanın Litvadakı səfirliyi ilə birgə, Tallində Eston-Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü və Azərbaycan və Türk icmalarının iştirakı ilə, Riqada isə "Ocaq" Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yubiley münasibətilə konfrans və müxtəlif tədbirlər keçiriləcək.

Heydər Əliyevin yubileyi münasibətilə mayın 10-da Nyu-Yorkda Amerika Azərbaycanlıları Cəmiyyəti ABŞ Konqresmenləri, dövlət rəsmilərinin və yəhudi icmaları rəhbərlərinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirəcək. Həmin gün Los-Ancelesdə "Amerikalı Azərbaycanlılar Şurası" Azərbaycanın bu şəhərdəki Baş Konsulluğu ilə birgə yubiley toplantısı təşkil edəcək. Mayın 11-də Vaşinqtonda "Azeri's Network" şəbəkəsi Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birlikdə ulu öndərin anadan olmasının 85 illiyinə həsr olunmuş forum keçirəcək. Hyustonda "Hyuston - Bakı" Qardaşlaşmış Şəhərlər Assosiasiyası da milli lider Heydər Əliyevin 85 illiyi münasibətilə fotosərgi və ziyafəti mayın 11-də təşkil edəcək.

Mayın 9-da Kanadada Beynəlxalq Niaqara Festivalı çərçivəsində mərhum prezidentin Azərbaycanın tanınmış heykəltəraşı Ömər Eldarov tərəfindən hazırlanmış büstünün açılışı olacaq. Niaqara şəhərində Heydər Əliyev adına "Şərq-Qərb" Azərbaycan Beynəlxalq Universal Mədəni Dəyərləri Mərkəzinin açılışı olacaq. Təşkilatçı Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasıdır. Mayın 11-də isə Toronto şəhərində Kanadanın mərkəzi və yerli idarəetmə orqanları nümayəndələrinin, ictimai-siyasi xadimlərinin iştirakı ilə "İpək Yolu" Kanada-Azərbaycan kamera orkestrinin konserti olacaq. Orkestrin bədii rəhbəri və dirijoru həmyerlimiz İsmayıl Hacıyevdir. Mayın 15-də isə Torontoda Kanada Azərbaycanlıları Alyansıyubiley tədbiri keçirəcək.

Mayın 9-da Bişkekdə "Azəri" ictimai birliyi "Türkdilli dövlətlərin siyasətinə dəstək" fondu ilə birlikdə, Düşənbədə isə Azərbaycan-Tacikistan "Dostluq" Cəmiyyəti Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konfrans təşkil edəcəklər. Mayın 10-da Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzləri Assaosiasiyası, Astanada "Xəzər" İctimai Birliyi, Alma-Atıda isə "Turan" konqresi milli liderin yubileyi münasibətilə silsilə tədbirlər, konsert proqramları keçirəcəklər.

Gürcüstanın Marneuli şəhərində fəalyyət göstərən "Azərbaycanlıların Mədəniyyət Mərkəzi" də Heydər Əliyevin 85 illyini mayın 10-da qeyd edəcək.

Milli lider Heydər Əliyevin anadan olmasının 85 illiyini Ümumrusiya Azərbaycan Konqresi Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi ilə birlikdə Moskva və Rusiyanın bir neçə digər şəhərində qeyd edəcək. Ukrayna Azərbaycanlıları Konqresi isə Kiyev və Dnepropetrovsk şəhərlərində yubiley tədbirləri keçirəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti