...

"Xəzər-Lənkəran" final oyunu üçün 5 min bilet sifariş edib – stadion direktoru

Cəmiyyət Materials 6 May 2008 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın Tofiq Bəhramov adına Respublika Stadionu futbol üzrə Premyer-Liqanın "Neftçi" - "Xəzər-Lənkəran" və ölkə kubokunun "İnter" - "Xəzər-Lənkəran" final oyunlarını qəbul etməyə tam hazırdır. "Bu oyunlar keçirilən vaxt stadionumuzda hər şey çox yüksək səviyyədə təşkil olunacaq. İndi stadionun qazonu da əla vəziyyətdədir", - çərşənbə axşamı Trend a Bəhramov adına stadionun direktoru Akif İsmayılov bildirib.

Azərbaycanın əsas arenası sayılan T.Bəhramov adına stadionda "Neftçi" və "Bakı" klubları ev oyunlarını keçirir. Bu stadionda Premyer-Liqa çərçivəsində, "Neftçi" ilə "Xəzər-Lənkəran" mayın 11-də, kubokun finalında "Xəzər-Lənkəran"la "İnter" mayın 24-də qarşılaşacaq.

İsmayılov "Xəzər-Lənkəran" rəhbərliyinin kubokun final oyunu üçün 25 min biletin sifariş edilməsi ilə bağlı deyilənləri təkzib edib. "Stadion 29 minə yaxın azarkeş tutumuna malikdir. Final oyununa 25 min lənkəranlı azarkeş gəlsə, başqaları harda oturacaq? Məndə olan məlumata görə, "Xəzər-Lənkəran" final oyunu üçün 5 min yer sifariş edib", - stadionun direktoru əlavə edib.

Son illərdə Azərbaycan kubokunun final oyunları T.Bəhramov adına stadionda və "Şəfa" arenasında keçirilir. Ötən il "Xəzər-Lənkəran"la "MKT-Araz" arasındakı final qarşılaşması T.Bəhramov adına stadionda oynanılmışdı.

İsmayılov bildirib ki, iyunun əvvəllərindən etibarən, rəhbərlik etdiyi stadionun köhnə modelli tablosu dəyişdirilməyə başlayacaq. Direktor tablonun dəyişdirilməsi prosesinin iyunun sonlarına kimi davam edəcəyini vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti