Azərbaycan,Ağdam,20 may / Trend , müxbir Ş. Cəliloğlu/ Qoşunların təmas xəttində Azərbaycanın mülki vətəndaşı minaya düşüb. " Trend -un bölgə müxbirinin verdiyi məlumata görə, ötən gün saat 20.00 radələrində Xocavənd rayonunun Tuğ kənd sakini 22 yaşlı Əhəd Vəliyev tank əleyhinə minaya düşərək ayağlarını itirib.
Kənd sakini təmas xəttinə yaxın ərazidə mal-qara otararkən atın üstündə minaya düşüb.
Yaralı Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın cərrahiyyə şöbəsindən verilən məlumata görə, çoxlu qan itirməsi ilə gecə saat 22.00 radələrində xəstəxanaya gətirilən Vəliyevin hər iki ayağı amputasiya olunub, vəziyyəti orta-ağırdır.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]