...

Azərbaycanın futbol klubları Almaniyadan olan hakimləri istəməyiblər – komitə sədri

Cəmiyyət Materials 29 May 2008 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında çempionluğun taleyini həll edən oyunları Almaniyadan olan hakimlərin idarə etməsini klublar istəməyib. "Həm "Olimpik" - "Qarabağ", həm də "İnter" - "Qəbələ" oyunlarını idarə edən hakimlərin işindən çox razı qaldım. Bu oyunları idarə etmək üçün Almaniyadan hakimlər dəvət etməyi özümüz məsləhət bilmədik. Çempionluq uğrunda mübarizə aparan klublar da əcnəbi hakimlərin gətirilməsi üçün bizə müraciət etmədilər", cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.

Azərbaycan Premyer-Liqasının sonuncu turunda "Olimpik" - "Qarabağ" (0:1) oyununu Babək Quliyev, "İnter" - "Qəbələ" (4:0) görüşünü Anar Salmanov idarə edib. Premyer-Liqanın qalibi "İnter" klubu olub.

HK sədri bildirib ki, azərbaycanlı hakimlərin növbəti futbol mövsümünə daha da yaxşı hazırlaşmaları üçün xüsusi təlim-məşq toplanışları təşkil olunacaq. "AFFA-da yeni hakimlərin yetişdirilməsi üçün kurslar təşkil olunub. Hakimliyin sirlərini öyrənmək istəyənlərin sayı durmadan artır. Növbəti mövsümdən etibarən Azərbaycan Premyer-Liqasının oyunlarında gənc hakimləri görmək mümkün olacaq" - deyə Məmmədov əlavə edib.

Məmmədov HK-nın sədri vəzifəsinə bu ilin aprel ayının əvvəlində təyin olunub. Ondan əvvəl komitəyə Murad Məmmədov rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti