...

AŞPA-nın yay sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin olunmayacaq -vitse-prezident

Cəmiyyət Materials 3 İyun 2008 14:39 (UTC +04:00)
AŞPA-nın yay sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin olunmayacaq -vitse-prezident

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri hesab edir ki, qurumun yay sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin olunmayacaq. "Yay sessiyasından əvvəl AŞPA komitələrinin və Bürosunun iclasları keçirilib. Lakin AŞPA-nın nə Monitorinq və Daimi komitələrinin, nə də Büronun iclasında Azərbaycanda "siyasi məhsuslar" üzrə xüsusi məruzəçinin təyin olunması məsələsi müzakirə edilməyib", - deyə çərşənbə axşamı Trend -a açıqlamasında AŞPA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Trend -un arayışı: Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən öz üzərinə siyasi məhbus probleminin həlli ilə bağlı öhdəlik götürüb. AŞPA Azərbaycanın bu öhdəliyi necə yerinə yetirdiyinə nəzarət etmək üçün xüsusi məruzəçi təyin edib. AŞPA-nın italiyalı deputatı Malkolum Bryus 2005-ci ilə qədər bu vəzifəni icra edib. O, həmin il İtaliyada keçirilən parlament seçkilərində deputat seçilməyib. Bundan sonra Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilməyib.

AŞPA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti, o cümlədən siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etmək məsələsi müzakirə olunacaq.

Ölkənin hüquq müdafiəçiləri 30 nəfərə yaxın şəxsin adı olan siyasi məhbus siyahısı hazırlayıb. Avropa Şurası bu siyahıda adı olanları siyasi məhbus kimi qəbul edib.

"Azərbaycanda siyasi məhbus problemi yoxdur. Siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin olunması məsələsini ortaya atanlar Azərbaycanla Avropa Şurası arasında olan yaxşı əməkdaşlığı pozmaq istəyirlər", - deyə Seyidov əlavə edib.

AŞPA-nın yay sessiyası iyunun 23-dən 27-dək Strasburqda keçiriləcək. Sessiyanın ikinci günü "Azərbaycanda demokratik təsisatların vəziyyətinə dair" məruzə müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti