...

Rüstəm İbrahimbəyov planlarına "hə" deyib əl çalanları ətrafında görmək istəyir – kinorejissor Oqtay Mirqasımov

Cəmiyyət Materials 10 İyun 2008 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /TrendLife müx. Günel Əhməova

Bir neçə gün öncə Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı keçirildi və səs çoxluğu ilə Rüstəm İbrahimbəyov yenidən quruma sədr seçildi. Nizamnaməyə uyğun olaraq qurultaydan sonra sədr ittifaqın katibliyinə namizəd şəxslərin adlarını təqdim edib və səsvermə yolu ilə seçim aparılıb. TrendLife-a daxil olan məlumata görə, uzun illər qurumda katib vəzifəsində çalışan bir neçə nüfuzlu şəxslərin adları həmin siyahıda olmayıb. Məlumatda Eldar Quliyev, Oqtay Mirqasımov, Şəfiqə Məmmədova və başqalarının adları çəkilir. Qeyd edək ki, Kinoittifaqın keçirdiyi qurultayda və növbəti "Şərq-Qərb" festivalında E.Quliyev və O.Mirqasımov iştirak etməyiblər.

Mövzuya aydınlıq gətirmək üçün Eldar Quliyevin fikirlərini öyrəndik. İttifaqın hər iki tədbirində iştirak etmədiyini söyləyən E.Quliyev fikirlərini şər etmək istəmədi: "Bir kəlmə ilə "gəlmədi" yazın. Heç yana getmədim və heç nədən xəbərim yoxdur".

Oqtay Mirqasımovun fikirləri isə geniş oldu. Heç vaxt danışmadıqlarını dilə gətirən kinorejissor fikirlərini belə izah etdi:

"Sizi düşündürən suala cavab olaraq bildirim ki, mən qurultayda iştirak etməmişəm. Əvvəla ölkədən kənarda film üzərində iş apardığım üçün burada baş verən proseslərdən xəbərsiz olmuşam. Buna görə də, seçilmiş şəxslərin siyahısı mənə məlum deyil. Onu da deyim ki, əgər vaxtında mənə xəbər verilsəydi ki, qurultay olacaq, işimi ona görə planlaşdırardım və hökəmən iştirak edib, fikirlərimi kürsüdən söyləyərdim. Düşünürəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının hazırkı durumu o qədər kritik və acınacaqlıdır ki, bu gün orada aparılan işlərin prinsipial istiqaməti dəyişdirilməlidir. Bu da o zaman mümkündür ki, ittifaqın sədri kürsüsünü tərk etsin! O zaman qədər ki, İbrahimbəyov sədirdir, o sadəcə olaraq özünün bütün planlarına, arzularına, istəklərinə, hətta kaprizlərinə "hə" deyib əl çalanları ətrafında görməyə çalışacaq. Eqoizm, hökmdarlıq iddası, cəmiyyətə biganəlik , eyni zamanda danışmaz əmlak və maliyyə məsələlərində tətbiq etdiyi "ekzotik" metodlar, ədalət qanunlarına hörmtətsizlik ona gətirib çıxatdı ki, artıq "sual" verən, kollektiv məsləhətləşmələr çağıran, məntiq və hüquqi dəqiqlik axtaran, etiraz bildirən adamlar düşmən sayıldı və qanunsuz minimal etiketə riayət etmədən uzaqlaşdırıldılar.

Şəxsən mənim hansı səbəbdən "kənarda" qaldığımın səbəblərini öyrənmək istədiyirsiniz. Sadə şəkildə, seçilməməyim çox təbiidir, deyirəm. Mən sözümü dəfələrlə demişəm, fikirlərim bəllidir və mən yaxşı "yol yoldaşı" sayılmıram, yəni, narahatçılıq yaradıram. Onu da deyim ki, Rüstəm İbrahimbəyovu vaxtilə həm cəmiyyətimiz üçün, həm də kinomuz üçün olduqca dəyərli bir şəxs saymışam. Həmişə də ona inanmışam. Bəlkə nələrisə görmürdüm, sadəlövlük göstərirdim. Bəlkə də qeyri-adi bir metamorfoza baş verdi, kim bilir. Hər halda təəssüflənirəm...

Təssüf ki, biz Rüstəm İbrahimbəyovla əlaqə saxlaya bilmədik. Lakin Kinomatoqrafçılar İttifaqının katibi professor Şəfiqə Məmmədova isə TrendLife-la söhbətində O. Mirqasımovun söylədiklərindən təccübləndiyini bildirib. "Artıq 30 ildir ki, Kinomatoqrafçılar İttifaqında, 40 ildir ki, Rüstəm İbrahimbəyovla bərabər işləyirəm. Mənim bir çox işlərim onunla bağlıdır. Hazırda Rüstəm İbrahimbəovun Kino məktəbində dərs deyirəm. Bizim kinonun inkişafında onun böyük rolu var. Mən R. İbrahimbəyovun sədr seçilməsinə çox sevinirəm. Oktay Mirqasımovun sözlərinə isə mat qalmışam".

Xəbər lenti

Xəbər lenti