...

Azərbaycanın işğal altından olan ərazilərində törədilmiş yanğının vurduğu ziyan müəyyənləşdirilib

Cəmiyyət Materials 13 İyun 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son günlər ermənilərin Ağdam rayonunun işğal altında olan ərazilərində törətdikləri yanğınlar nəticəsində ətraf mühitə dəymiş ziyanın məbləğini müəyyən edib : 88 500 manat. Bu barədə Nazirliyin cümə günü yaydığı məlumatında bildirilib.

Trend -un arayışı: Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ötən həftə yaydığı məlumata görə, bu il ermənilərin törətdiyi yanğınlar nəticəsində, Azərbaycanın Ağdam və Füzuli rayonlarının işğal altında olan ərazilərində ətraf mühitə 39 208 manat dəyərində ziyan dəyib. Ağdam rayonunun işğal altında olan Soltanlı, Nəmirli, Novruzlu, Sarıcalı kəndlərində 20 hektardan çox ərazidə erməni işğalçıları tərəfindən yanğınlar tərədilib. Ağdam rayon Ekologiya və Təbii Sərvətlər şöbəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar zamanı, torpağın üst münbit qatının yanması nəticəsində, ətraf mühitə 22000, bitki örtüyünə 2200, atmosfer havasına isə, 1084 manat ziyan dəydiyi müəyyənləşdirilib. Ümumilikdə, Ağdam rayonu üzrə ətraf mühitə 25284 manat ziyan vurulub.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan və Horadiz kəndlərində ermənilər tərəfindən tərədilən yanğınlar zamanı 120 hektar sahədə bitki örtüyü və torpağın üst münbit qatı tamamilə yanıb, atmosferə xeyli miqdarda zərərli maddələr atılıb və ərazidəki fauna növləri yanaraq məhv olub. Mütəxəssislərin hesablamalarına görə, təbii otlaq sahələrinin və torpağın üst münbit qatının yanması nəticəsində, ətraf mühitə 13200, atmosfer havasına 318 manat ziyan dəyib. Ümumilikdə, Füzuli rayonunda törədilmiş yanğınlar nəticəsində 13518 manat ziyan dəyib.

Ermənilər tərəfindən son 3 ildə Azərbaycanın işğal altında olan ərazilərində yanğınların törədilməsi intensivləşib. ETSN bu faktla bağlı beynəlxalq təşkilatları məlumatlandırıb.

Məlumata əsasən, iyunun 11- də Ağdam rayonunun işğal altında olan Baş qərvənd kəndinin 20 ha, Qaraqaşlı kəndinin 30 ha, Sarıcalı kəndinin 20 ha ərazsi yanmaya məruz qalıb. Nazirliyin Ağdam rayon Ekologiya və Təbii Sərvətlər şöbəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar zamanı torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 77000, bitki örtüyünə 7700, atmosfer havasına isə 3794 manat ziyan dəydiyi müəyyənləşdirilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti