...

Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun türkiyəli futbolçuya üç milyon avro təklif etməsi haqda deyilənlər həqiqəti əks etdirmir – baş məşqçi

Cəmiyyət Materials 24 İyun 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu Braziliyadan, Bolqarıstandan və Moldovadan olan legioner futbolçularla güclənəcək. "Transfer etmək istədiyimiz bir neçə futbolçu var. Bizim müqavilə bağladığımız oyunçular səviyyələri ilə başqalarından fərqlənməlidirlər. Buna görə də transfer məsələlərinə son dərəcə diqqətlə yanaşırıq. Braziliyadan, Bolqarıstandan və Moldovadan olan futbolçularla danışıqlar aparmışıq. "Xəzər-Lənkəran" Yunanıstanda təlim-məşq toplanışında olanda onlar komandamıza qoşulacaqlar", çərşənbə axşamı Trend -a "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Artıq Azərbaycanın bir çox klubları heyətlərini yeni oyunçularla gücləndirsələr də, "Xəzər-Lənkəran" bu istiqamətdə heç bir addım atmayıb. Komandanın məşqçilər heyəti baxışa dəvət edəcəkləri yeni futbolçuları iyunun 26-da startı veriləcək Yunanıstandakı təlim-məşq toplanışı zamanı sınamaq niyyətindədir.

Mircavadov bildirib ki, "Xəzər-Lənkəran"a transfer olunacağı gözlənilən Türkiyənin "Qalatasaray" klubunun məşhur futbolçusu Hakan Şükürlə bağlı məsələyə son qoyulub. "Hakan Şükürün "Xəzər-Lənkəran"a transfer olunmasını klubumuzun fəxri prezidenti Mübariz Mənsimov istəmişdi. Mən də ona etiraz etməmişdim. Amma bildiyiniz kimi, bu futbolçunun transferi baş tutmadı. Azərbaycan mətbuatında Şükürü 3 milyon avroya transfer edəcəyimiz haqqında xəbərlər yer alırdı. Bu xəbərlər həqiqəti əks etdirmir", - deyə baş məşqçi əlavə edib.

"Xəzər-Lənkəran" Azərbaycanın futbol üzrə ölkə kubokunun sonuncu qalibi kimi UEFA kubokuna vəsiqə qazanıb. Mircavadov deyib ki, klubun UEFA kubokunda uğurlu çıxış etməsi hazırlıqdan və rəqibin hansı ölkədən olmasından asılı olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti