Azərbaycan, Bakı, 23 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/
"Sovet dövründə kinorejissor çəkdiyi filmdə həmişə çalışırdı ki, həmin millətin milli elementlərini əks etdirsin. Baş qəhrəman filmdə ya toya, ya da konsertə gəlirdi və bu yolla da tamaşaçı müxtəlif millətin incəsənəti, mədəniyyəti ilə tanış olurdu. İndi çəkilən Azərbaycan filmlərində belə şey çox azdır". Bu sözləri TrendLife-a əməkdar artist Elxan Qasımov söyləyib.
Bu kinorejissor kinoya professional rəqqas və xoreqraf kimi gəlib. O, milli rəqslərimizi bacardığı qədərə təbliğ etməyə çalışıb. "Kanalların birində milli rəqslər haqqında çarxlar təqdim edirlər. Süjet 3-5 dəqiqə sürür. Verilişin ideyası çox gözəldir. Lakin qeyri-professional çəkilir".
Rejissorun sözlərinə görə, bu çarxlarda rəqqasın barmaq üstündə hərəkət etdiyi zaman nədənsə kamera ya tarzəni, ya da qaşınan insanı çəkir.
Xatırladaq ki, E. Qasımovun ən son çəkdiyi "Biz qayıdacağıq" filmində milli muğamımız aydın şəkildə təqdim olunub.