...

Azərbaycanı Olimpiya oyunlarında təmsil edəcək 44 idmançıdan 32-si üçün Pekin ilk startdır

Cəmiyyət Materials 30 İyul 2008 14:34 (UTC +04:00)
Azərbaycanı Olimpiya oyunlarında təmsil edəcək 44 idmançıdan 32-si  üçün Pekin ilk startdır

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir A.Əliyev/ "Müstəqillik tariximizdə artıq dördüncü dəfədir ki, Azərbaycan idmançıları ən ali idman yarışına - Olimpiya oyunlarına yola salınır. Azərbaycan olimpiya yıgma komandası Pekinə 44 idmançı ilə gedir". Bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün Pekində keçiriləcək 29-cu Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların yolasalma mərasimində deyib.

Bildirib ki, bu vaxtda qədər Olimpiya oyunlarına hazırlıq yüksək səviyyədə keçib. 2005-ci ili əhatə edən 1-ci mərhələdə Afina oyunlarının nəticələri təhlil edilib, 2-ci mərhələdə ölkəmizdə həyata keçiriləcək olimpiya idman bazaları müəyyən olunub, yüksək səviyyəli idmançıların hazırlanmasına başlanılıb. 2007-2008-ci illərdə isə Pekin olimpiya oyunlarına əsas lisenziyalar qazanılıb.

Nazir qeyd edib ki, Olimpiya oyunlarına hazırlıq üçün ayrılan vəsait də hər dəfə artır. Əgər Atlantada keçirilən Olimpiya oyunlarına hazırlıq üçün 425 min manat, Sidney Olimpiya oyunlarına hazırlıq üçün 545 min manat, Afina Olimpiya oyunları üçün 700 min manat vəsait xərclənmişdisə, Pekin Olimpiadasına hazırlıqda bu rəqəm 3 milyon 150 min manat təşkil edir.

2005-ci ildən başlayaraq və bu ilin 7 ayında idmançılarımız beynəlxalq yarışlarda 467 medal qazanıb. Bədii gimnastika növündə də sürətli inkişaf gedir. Bədii gimnastlarımız ilk dəfə qrup hərəkətlərində Pekinə vəsiqə qazanıblar.

İlk dəfə Azərbaycan Pekində atçılıq idman nivündə də təmsil olunacaq. Olimpiya oyunlarında iştirak edəcək 44 idmançıdan 12-si ikinci dəfə Olimpiya oyunlarına qatılır, 32 idmançı üçün isə Pekin ilk startdır.

Rəhimov onu da vurgulayıb ki, ölkəmizdə olimpiya hərəkatı getdikcə inkişaf edir. Azərbaycanda 13 olimpiya kompleksi artıq istifadəyə verilib, 23-ü isə tikilir. 2007-ci ildə Azərbaycanda 36 beynəlxalq yarış keçirlib. Ötən il Azərbaycan tarixdə ilk dəfə Olimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Gənclər və idman naziri Pekinə yola düşəcək idmançıların 1-ci qrupunun avqustun 6-da, 2-ci qrupun isə avqustun 16-da Pekinə gedəcəyini bildirib və əlavə edib ki, Olimpiya oyunları çərçivəsində Pekində Azərbaycan günləri keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti