Rufiz Hafizoğlu - Yaxın Şərq redaksiyasının rəhbəri
Müsəlmanların ən müqəddəs hesab etdiyi aylardan olan Ramazan ayının artıq ikinci günü yaşanmaqdadır. Bu ay islamın ilkin dövrlərindən indiyə kimi eyni təntənə ilə qeyd edilməkdədir. Ramazan ayının digər aylardan seçilməsi və sevilməsinin əsas səbəbi isə bu ayda bütün müsəlmanların oruc tutmasıdır. Amma Ramazan ayını digər aylardan fərqləndirən və üstün tutan cəhətlərdən biri də, Qurani-Kərimin bu ayda nazil olmasıdır. Söylənilənlərə sübut olaraq Bəqərə surəsinin 185-ci ayəsini misal gətirmək olar: "Ramazan ayı insanları doğru yola yönəldən Quranın nazil olduğu aydır".
Ramazan ayını digər aylardan fəqrləndirən cəhətlərdən biri də, bu ayda min aydan daha fəzilətli bir gecənin olmasıdır. Qurani-Kərimdə Qədr gecəsi haqda bu ayələri buyrulur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir".
Oruc gün doğandan gün batanadək yalnız yemək və içməkdən itmtina etməkdir kimi fikir isə tamamilə yanlışdır. Çunki müsəlmanlar eyni zamanda qəlbi ilə də oruc tutmalı, pis əməllərdən və fikirlərdən uzaq olmalıdırlar. Peyğəmbərin hədislərinə nəzər salsaq, bəzi oruc tutanlar haqda belə söylənildiyinin şahidi olarıq: "Ümmətimdən elələri var ki, Ramazandan onlara yalnız ac və susuz qalmaq düşər".
Ramazan ayında müsəlmanların oruc tutmaqla yanaşı etdikləri ibadətlərdən biri də bu aya məxsus "Təravih" namazlarının qılınmasıdır. Çünki hədislərdə belə buyrulur: "Kim səmimi qəlbdən, mükafatını Allahdan umaraq Ramazan ayını namazla keçirərsə, keçmiş günahları bağışlanar". İslam alimləri bu hədisdə məhz "Təravih" namazının nəzərdə tutulduğunu bildirirlər.
Bu ayda ibədətlərdən biri də Quran oxumaqdır. İslam tarixinə və səhabələrin həyatına nəzər salsaq görərik ki, məhz bu ayda onlar daha çox Quran oxuyar və Allahı zikr edərdilər. Çünki hədislərdə bu ayda oxunan Quranın savabının digər aylarda qazanılan savabdan üç dəfə çox olduğu bildirilir. Quranı ərəb dilində oxuya bilməyənlər isə daha yaxşı olar ki, bu ayda Quranın uyğun gördükləri tərcüməsini oxusunlar.
Ramazan ayında ən xoş görülən əməllərdən biri də kasıb və imkansızlara sədəqə vermək, yardım etməkdir. Hədislərdə Məhəmməd peyğəmbərin (s) Ramazan ayında daha çox sədəqə verdiyi bildirilir. Hətta bir hədisdə peyğəmbərin Ramazan ayında sədəqə verməsi məcazi şəkildə küləyin sürəti ilə müqayisə edilir.
Bütün bunları nəzərə alsaq bir daha görərik ki, oruc tutmaq ac və susuz qalmaq deyil.