Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın voleybol üzrə yığma komandasının üzvü Natalya Məmmədovanın çıxış etdiyi Türkiyənin "Türk Telekom" klubu Avropa kuboklarının final mərhələsində mübarizə aparmaq istəyir.
"Əsas hədəfimiz həm Türkiyə çempionatında və kubokunda, həm də Avropada uğurlu çıxış etməkdir. Avropa kuboklarının final mərhələlərində mübarizə aparmaq istəyirik", Türkiyə mətbuatına "Türk Telekom" klubunun baş meneceri Çengiz Atabek deyib.
"Türk Telekom" klubu Azərbaycan yığmasının aparıcı üzvü Natalya Məmmədova ilə yanaşı, Avropanın bir neçə tanınmış voleybolçusu ilə müqavilə bağlayıb. Bu komanda hazırda Türkiyədə heyətinə görə ən güclü komandalardan biri hesab olunur.
Məmmədova "Türk Telekom"dan əvvəl bir neçə klubda, həmçinin Bakının "Azərreyl" komandasında çıxış edib. O, hazırda voleybol üzrə Azərbaycan yığma komandasının liderlərindən biridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]