...

Azərbaycanın "Xəzər-Lənkəran" klubu AFFA prezidentinə şikayət etmək istəyir

Cəmiyyət Materials 3 Dekabr 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir R.Ergün/ "Xəzər - Lənkəran" futbol klubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə müraciət etməyə hazırlaşır.

"Simurq" - "Xəzər - Lənkəran" oyununda hakimin əleyhimizə qərəzli qərarlar verməsi ilə bağlı, AFFA prezidentinə müraciət etməyə hazırlaşırıq. Hazırda müraciətin mətni hazırlanır. Ya bu gün, ya da sabah səhər müraciət göndəriləcək", - çərşənbə günü Trend - a "Xəzər - Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Tural Əsgərov bildirib.

Trend - un arayışı: "Simurq" - "Xəzər-Lənkəran" oyunu 2:2 hesabı ilə başa çatıb. Oyundan sonra qonaq komanda, qapılarına birinci qol vurularkən rəqib oyunçusu David Volkvadzenin əllə oynadığını, ikinci hissədə "Xəzər-Lənkəran"ın futbolçuları - Rahid Əmirquliyevlə Ramulo Silvanoya qarşı kobudluq edilsə də, matçın baş hakimi Zöhrab Qədiyevin 11 metrlik cərimə zərbəsi təyin etmədiyini iddia edib.

Əsgərov bildirib ki, müraciətdə, əsasən, hakimlərlə bağlı narazılıqlar barədə AFFA prezidentinə məlumat verilicək.

"Hakim-müfəttişlər hakimlərə yüksək qiymət verirlər, amma oyunların idarəçiliyi yüksək səviyyədə deyil. Qiymətləri süni şəkildə artırırlar ki, guya hakimlərin səviyyəsi artıb. Əslində, heç bir inkişaf yoxdur. Bununla bağlı Abdullayevə məlumat verəcəyik", - deyə klub rəsmisi əlavə edib.

"Simurq" - "Xəzər-Lənkəran" oyununun hakim- müfəttişi Əhmədağa Cabbarov Qədiyevə 7,9 bal qiymət verib.

Əsgərovun sözlərinə görə, "Simurq"la oyunda baş verənlərdən komandanın fəxri prezidenti xəbərdardır.

"Bu elə məsələdir ki, fəxri prezidentin xəbərsiz olması mümkün deyil. Mənsimov komanda üçün vacib olan hər şeydən xəbardardır. Bu məsələdən də xəbəri var. Amma o, bu işlə məşğul olmur. Burada klubun prezidenti var və bütün işlər Mais Mənsimovun nəzarəti altındadır".

"Xəzər - Lənkəran"ın fəxri prezidenti "Palmali" Şirkətlər Qrupunun sahibidir.

Əsgərov bildirib ki, hələ komandanın yeni baş məşqçisinin adına aydınlıq gəlməyib.

"Namizədlər çox olsa da, hələ heç bir mütəxəssisə konkret təklif göndərilməyib. Yəqin ki, baş məşqçi məsələsi 1 həftə ərzində həll olunacaq".

Bu il noyabrın 23 - də "Qarabağ" a 1:3 hesabı ilə məğlub olan "Xəzər-Lənkəran"ın türkiyəli baş məşqçisi Rasim Kara istefa verib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, artıq komanda üzvləri məzuniyyətə buraxılıb. Klubun legioner futbolçuları ölkələrinə gediblər .

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti