...

Azərbaycanın həbsdə olan sabiq səhiyyə nazirinin müayinələrinin nəticəsi bəlli oldu - Ədliyyə Nazirliyinin idarə rəisi

Cəmiyyət Materials 15 Yanvar 2009 12:13 (UTC +04:00)
Azərbaycanın həbsdə olan sabiq səhiyyə nazirinin müayinələrinin nəticəsi bəlli oldu - Ədliyyə Nazirliyinin idarə rəisi

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Korrupsiya cinayətlərinə görə məhkum olunmuş Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun həkim ekspert komissiyası tərəfindən müayinələri yekunlaşıb.

"Müayinələr zamanı İnsanovun onurğasında fəqərələrarası disklərdə qabarma, xroniki xolit əlamətləri (yoğun bağırsaqda yüngül iltihablaşma) və mülayim gedişli hipertoniya xəstəlikləri aşkarlanıb", - cümə axşamı Trend -a Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev bildirib.

Trend -un arayışı: İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycan hökumətinə İnsanovun müalicəsini təmin etmək, onu xəstəxanaya köçürmək və diaqnoz qoyulması üçün müstəqil tibbi ekspertlərin iştirakı ilə komissiya təyin etmək tələbi ilə məktub göndərib.

Avropa Məhkəməsi bu tələbin həyata keçirilməsi üçün Azərbaycan hökumətinə yanvarın 20-dək vaxt vermişdi.

Avropa Məhkəməsinin bu məktubundan sonra sabiq nazir Müalicə Müəssisəsinə köçürülüb.

Sabiq nazirin özünün də təqdim etdiyi həkimlərin iştirakı ilə 6 nəfərlik komissiya yaradılıb və dekabrın 26-da onun müayinəsinə başlanıb.

Mehdiyev bildirib ki, müayinələrin nəticələri və komissiyanın yekun rəyi yaxın günlərdə sabiq səhiyyə naziri İnsanova təqdim olunacaq.

Müayinələrin nəticəsində sabiq nazirə müəyyən konservativ müalicə yazılıb və yaxın günlərdə Müalicə Müəssisəsində İnsanovun müalicəsinə başlanılacaq.

Mehdiyevin sözlərinə görə, İnsanovun səhhəti ilə bağlı ciddi təhlükə yoxdur və onun üzərində cərrahiyyə əməliyyatının aparılmasına ehtiyac görülmür.

Sabiq nazirin vəkili Toğrul Babayev mətbuata açıqlamasında bildirib ki, komissiyanın yekun rəyi sabiq nazirə təqdim olunmayıb. Bu səbəbdən də İnsanov Ədliyyə Nazirliyinə müraciət edib.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri iİnsanov 2008-ci ildə məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti