...

Gürcüstan azərbaycanlıları 20 Yanvar faciəsinin ildönümünü qeyd ediblər

Cəmiyyət Materials 20 Yanvar 2009 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar/ Trend , müxbir E.Rüstəmov/ 20 Yanvar yalnız Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, həm də xaricdə olan həmvətənlərimiz üçün faciə günüdür, - Milli Məclisin deputatı Qənirə Paşayeva bazar ertəsi Dmanisidə (Gürcüstan) bildirib.

Yanvarın 19-da Dmanisidə 1990-cı ilin faciəli 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın deputatları Qənirə Paşayeva və Həvva Məmmədova, Gürcüstandakı səfirliyin nümayəndələri, yerli azərbaycanlı icması, eləcə də  SOCAR-ın bu ölkədəki nümayəndəliyinin rəhbəri iştirak edib.

Paşayevanın sözlərinə görə, bu faciəni, harada olmalarından asılı olmayaraq, bütün azərbaycanlılar ehtiramla yad etməlidirlər.

"Sovet hakimiyyətinin bu hərəkətləri milli - azadlıq hərəkatını yatırmağa yönəlmişdi. Bu yalnız faciə deyil, həm də qəhrəmanlıq, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə günüdür. Onlar göstəriblər ki, lazım gələrsə, vətən xalq  yolunda mübarizə aparmaq lazımdır", - Paşayeva deyib.

Paşayevanın sözlərinə görə, indi o hadisələri görməmiş gənc nəsil yetişsə də, gənclər onların mahiyyətini başa düşməlidirlər.

"Biz bütün 20 Yanvar şəhidləri qarşısında baş əyir və öz xalqımıza bunun bir daha təkrarlanmamasını arzu edirik", - deputat bildirib.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990 - cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

1990 - cı il yanvarın 20 - də sovet ordusu fövqəladə vəziyyət elan edilmədən  Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faicə nəticəsində 132 nəfər həlak olub. Onlardan 117- si azərbaycanlıdır, 744 nəfər  yaralanıb, dörd nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20 - də fövqəladə vəziyyət elan edildikdən sonra, daha 21 nəfər öldürülüb. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) isə, 26 nəfər qətlə yetirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti