Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın təhsil sistemindəki qiymətləndirmə mexanizmləri Fransada keçiriləcək beynəlxalq konfransda müzakirə ediləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, fevralın 17-dən 23-dək Fransada Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın İcraiyyə Komitəsinin (İAEA) iclası keçiriləcək.
İclasda Azərbaycanı TQDK-nın sədri Məleykə Abbaszadə təmsil edir.
İclasda İAEA-nın fəaliyyəti ilə bağlı gündəlik məsələlər, İcraiyyə Komitəsi üzvlərinin hesabatı, cari ilin sentyabr ayında Assosiasiyanın Avstraliyada keçiriləcək 35-ci beynəlxalq konfransına hazırlıq prosesi müzakirə ediləcək.
Həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində müzakirələr aparılacaq.
Abbaszadənin səfər çərçivəsində YUNESKO-nun təhsil üzrə nümayəndələri, Fransada elm və təhsil sahəsində fəaliyyət göstərən bir sıra qurumların təmsilçiləri ilə görüşü də nəzərdə tutulur.
Abbaszadə 2007-ci ildən İAEA-nın İcraiyyə Komitəsinin həqiqi üzvüdür.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]