...

Bakıda qanunsuz tikildiyi iddia olunan məscidi sökməyə başlayıblar

Cəmiyyət Materials 1 Aprel 2009 12:44 (UTC +04:00)
Bakıda qanunsuz tikildiyi iddia olunan məscidi sökməyə başlayıblar

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Bakıda qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidini sökməyə başlayıblar.

Yasamal rayon Dini İcmasının rəhbəri Mir Valeh Mövsümov çərşənbə günü Trend -a bildirib ki, rayon İcra Hakimiyyətinin başçısı və bir neçə əməkdaşı məscidə gələrək, hasarları, məscidin qapılarındakı "Quran" kitabını və məscidin adı yazılmış lövhəni söküb.

Trend -un arayışı: Yasamal rayon məhkəməsi ötən il noyabrın 28-də Yasamal rayon  İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov  küçəsi, 190 ünvanında yerləşən  Məhəmməd Peyğəmbər məscidinin sökülməsi barədə qətnamə çıxarıb.

Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi" tikilib.

Məscid nümayəndələri Bakının Yasamal rayon məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.

Şikayətdə qətnamənin tamamilə əsassız və qanunsuz olması səbəbindən ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunur.

İcmanın nümayəndəsi, vəkil Muxtar Mustafayev isə Trend -a bildirib ki, məkəmə qərarı qüvvəyə minmədən məscidin sökülməsinə başlanması qanunsuzdur.

"Yasamal rayon məhkəməsinin məscidin sökülməsi ilə bağlı verdiyi qətnamədən apellyasiya şikayəti vermişik və şikayətimiz hələ ki, baxılma mərhələsindədir. Apellyasiya Məhkəməsi şikayətimizə baxmadan və qərar qəbul etmədən Yasamal rayon məhkəməsinin qətnaməsinin icrası qanunsuzdur. Həmçinin məkəmə qərarları məhkəmə icraçıları tərəfindən icra olunmalıdır, İcra Hakimiyyəti nümayəndələri tərəfindən deyil",-Mustafayev vurğulayıb.

Vəkil bildirib ki, Dini İcmanın rəhbəri Mövsümovun adından verilən qarşılıqlı iddiada məscidin layihəsinin Bakı şəhər İcra Hakimiyyəti və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsindən imtinanın qanunsuz hesab olunması və layihənin təsdiq edilməsinin məcbur edilməsi tələb olunur.

Mustafayevin sözlərinə görə, Yasamal rayon məhkəməsində qarşılıqlı iddia ərisəsinin verilməsinə imkan verilmədiyindən, onlar bu iddianı Bakı Apellyasiya Məhkəməsində qaldırmalı olublar.

Trend -un arayışı: Bakı Apellyasiya Məhkəməsinin qarşılıqlı iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsi barədə qərardan Dini İcma Ali Məhkəməyə kassasiya şikayəti verib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidinin sökülməsi ilə razı deyil.

Məscidin nümayəndələri Avropa Şurasının Baş katibi Terri Devisə müraciət edərək, Peyğəmbər Məscidinin sökülməməsinə yardımçı olmasını xahiş ediblər.

Devis onların məktubuna cavab olaraq bildirib ki, məscidin sökülməsi ilə bağlı mübahisənin ölkə qanunvericiliyi çərçivəsində həllinə tərəfdardır və bu məsələ onun təmsil etdiyi qurumun səlahiyyətində deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti