...

Gimnastikasevərlərin narahatlığını başa düşürəm, ancaq inanıram ki, Azərbaycan millisi Bakıdakı Avropa çempionatında layiqli çıxış edəcək - Altay Həsənov

Cəmiyyət Materials 12 May 2009 15:31 (UTC +04:00)
Gimnastikasevərlərin narahatlığını başa düşürəm, ancaq inanıram ki, Azərbaycan millisi Bakıdakı Avropa çempionatında layiqli çıxış edəcək - Altay Həsənov

Day.Az-ın Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti ilə müsahibəsi

 

Məlum olduğu kimi, mayın 15-17-də Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçiriləcək. Burada 32 ölkədən 186 gimnast iştirak edəcək.

Azərbaycanı qitə çempionatında böyük yaş qrupunda Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayeva (ehtiyat), həmçinin gənclər arasında Səbinə Abbasova, Nigar Əbdülsəlimova, Yevgeniya Judkova, Aelita Xələfova, Kamilə Məmmədova və ehtiyat qüvvə Lalə Məhərrəmovadan ibarət qrup təmsil edəcək.

Yarışlar mayın 15-də 10:30-da başlayacaq. Xalça üzərinə böyük yaş qrupunun nümayəndələri çıxacaq və 4 növ tapşırıqda iştirak edəcəklər. Çempionatın rəsmi açılış mərasimi 18:30-da başlayacaq.

Mayın 16-da onlar çıxışlarını davam etdirəcək və komanda hesabında qalibləri müəyyənləşdirəcək. Həmin gün yeniyetmələ qrupların yarışlarına start veriləcək.

Mayın 17-də isə beş medal dəstinin sahiblərinin adları məlum olacaq. Qrupçular beş lentdən ibarət yarışda qalibi müəyyən edəcək, fərdi yarışlarda isə ayrı-ayrı finallar keçiriləcək.

- Altay müəllim, çempionatın başlanğıcına bir neçə gün qalıb. Avropa Gimnastika İttifaqının (UEG) rəhbərliyi, çoxsaylı nümayəndə heyətləri və fəxri qonaqların gəlişi üçün hər şey hazırdırmı?

- Bildiyiniz kimi, Federasiyamız indiyə qədər bədii gimnastika üzrə yarışlar keçirib və buna görə də Avropa çempionatına tam hazırlıq bizim üçün asan oldu. Sadə bir misal gətirim: 2007-ci ildə Bakıda keçirilən Avropa çempionatından əvvəl UEG nümayəndələri paytaxtımıza bir neçə dəfə gəlmişdisə, bu dəfə onlar Azərbaycana cəmi iki dəfə gəliblər. Bu o deməkdir ki, onlar bizə inanırlar. Ümid edirəm ki, Avro-2009 da yüksək səviyyədə keçəcək.

Nəqliyyat, çempionat iştirakçılarının yaşayışı ilə bağlı məsələlərin həlli üçün böyük işlər görülüb. Qonaqlar əsasən üç mehmanxanada -  "Crescent Beach", "Park Inn" və "Grand Hotel Europe"da qalacaqlar.

Yeniliklərdən onu qeyd edə bilərəm ki, hər nümayəndə heyətinə müvafiq xarici dili bilən könüllü tapşırılacaq. "İrəli" gənclər hərəkatı ilə fəal əməkdaşlıq edirik. Onlar bizə yarışlar zamanı azarkeşlərlə işdə də kömək edəcəklər.

- Təşkilati məsələlərlə bağlı problem yoxdursa, gimnastlarımızın çıxışı ön plana çıxır. Bu yöndə azarkeşlərin bəzi narahatlıqları var ki, bu da yarışın əhəmiyyətini nəzərə alaraq tamamilə təbiidir. Axı böyük mənada Bakıdakı AÇ bədii gimnastikada yeni Olimpiya tsiklinin açılışıdır.

- Açığı, narahatlığa əsas var. Siz düz qeyd etdiniz ki, bu, Pekin Olimpiadasından sonra ilk böyük startdır. Adətən idmançıların çoxunda Oyunlardan sonra bəzi düşmələr olur, dəyərlərin yenidən nəzərdən keçirilməsi baş verir. Bizdə məsələn, məşqçi heyətində dəyişikliklər baş verib, yeni hakimlər peyda olub, Dinara Gimatova böyük idmanı tərk edib və b.

Komandamızın lideri Aliyə Qarayevadan da həmin eniş yan keçməyib. Olimpiadadan sonra o həm fiziki, həm də mənəvi durumla bağlı fasilə götürmüşdü. Təəssüf ki, o, bir neçə ay məşq etməyib və indi biz Aliyənin formasının zirvəsində olmadığını görürük. Çox ümid edirik ki, AÇ-yə qədər o, optimal durumuna yaxınlaşacaq. O, aləti əlindən düşürməsə, ondan yüksək nəticələr, hətta medallar belə gözləyə bilərik. Əks halda, bizim üçün çox çətin olacaq, çünki rəqiblər də boş dayanmır. Köklənmə baxımından ən yüksək səviyyədə hazırlıqlı olan yeni gimnastlar gəlib. Onlar üçün yeni Olimpiya tsiklindəki ilk start çox vacibdir.

Digər iki idmançımıza gəlincə, Anna Qurbanova sabitliyi ilə fərqlənir. O, əsl "komanda oyunçusudur".

Zeynəb Cavadlı haqda danışarkən deyə bilərəm ki, o çox istedadlı, perspektivli qızdır. Onu bir neçə il əvvəl İrina Aleksandrovna Vinerin özü seçib. O, Zeynəbi Moskvaya aparıb və orada onunla ən yaxşı məşqçilər çalışıb. Ancaq təəssüf ki, Zeynəb gözlədiyimiz səviyyəyə qalxa bilmir. Burada yəqin ki, subyektiv səbəblər böyük rolu oynayır, çünki onun üçün bütün lazımi şərait yaradılıb.

Avropa çempionatında Aliyə Qarayevanın komanda yarışında hər dörd, Anna Qurbanovanın üç, Zeynəb Cavadlının bir alətlə çıxış etməsi planlaşdırılır. Ancaq məşqlərdə Zeynəb özünü yaxşı tərəfdən göstərə bilməsə, o, öz tapşırığını Annaya verməli olacaq və bu halda Cavadlı sadəcə ehtiyat gimnast olacaq və Bakıda Avropa çempionatında çıxış etməyəcək. Bu həm Zeynəb, həm də onun çıxışını gözləyən publika üçün yaxşı olmayacaq. Axı Zeynəb çempionatımızın simasıdır, onun şəkli olan plakat və stendlər şəhərin bütün nöqtələrinə vurulub.

Odur ki, gimnastikasevərlərin komandamızın çıxışı ilə bağlı narahatlığını başa düşürəm, amma inanıram ki, Azərbaycan millisi layiqli çıxış edəcək. Biz də həyəcan keçiririk, ancaq eyni zamanda ən yüksək nəticənin əldə olunması üçün çalışmalarımızı davam etdiririk.

- Yəqin bu yaxınlarda İsraildəki beynəlxalq turnirdə gözlənilməyən halda ikinci yeri tutan yeniyetmələrdən ibarət qrup komandasından daha az narahatsınız?

- Yeniyetmələr haqda danışmazdan əvvəl qeyd etməliyəm ki, komanda yarışları fərdi yarışlardan daha çətindir. Xüsusilə də fərdi idman növlərində uğur qazanılan Azərbaycanda. Ancaq hər halda biz bir neçə il əvvəl qrup komandasını yaratdıq. Onu müxtəlif məşqçilər çalışdırıb. Ancaq sonda seçimimizi bolqar məşçi Mariana Vasilyeva üzərində saxladıq və o, bir neçə ay ərzində komandanı Olimpiadada çıxış üçün hazırladı. Komandanın çıxışı Azərbaycan üçün çox uğurlu oldu. Olimpiya oyunlarında final səkkizliyinə çıxmaq çox çətindir. Azərbaycan öz qrup komandalarına malik ölkələrin sırasına tamhüquqlu üzv kimi daxil oldu.

Və indi bizim yeniyetmələrdən ibarət komandamız uğurla çıxış edir. Biz onun Bakıda uğuruna inanırıq. Ən böyük problem qızların mənəvi hazırlığıdır. Çünki yeniyetmə komandalar üçün o qədər də çox fürsət olmayıb və gimnastlarımızın təcrübəsi çatmır. Ancaq prinsipcə biz onların çıxışından razıyıq. Vacib məqam odur ki, onların hamısı Azərbaycan gimnastika məktəbinin yetirmələridir.

- Bu il qaydalarda edilən dəyişikliklər Avropa çempionatının nəticələrinə nə dərəcədə təsir edə bilər?

- Hazırda hakimlər gimnastlardan daha çox artistizm tələb edirlər. İdmançı öz çıxışına daha çox "ürək" yandırmalıdır. Bununla yanaşı, heç kim proqramın çətinliyi və yerinə yetirilmə keyfiyyətində dəyişikliklər tələb etməyib. Ancaq "bədiiçilər"in artistizmi başqalarına nisbətən qiymət verilməsi zamanı daha böyük rol oynaya bilər.

- AÇ yarışları üçün bilet yayımı ilə bağlı vəziyyət necədir?

- Əvvəllər Bakıda keçirilən yarışlar zamanı zala giriş pulsuz idi. Biz publikanı bədii gimnastika ilə tanış etməli idik. Biz bu idmanın populyarlaşdırılması üzərində işləyir, təbliğatla məşğul olurduq. 2005-ci ildəki dünya çempionatında Heydər Əliyev adına idman-konsert kompleksinə 100-200 nəfər gəlirdisə, AÇ-2007-də bu rəqəm 1000-ə qalxmışdı. Özü də bu insanlar tribunalardakı boşluğu doldurmaq üçün təşkilatlardan çağırılmış nümayəndələr yox, öz istəyi ilə zala gələnlər idi.

Biz indi də böyük insan axını gözləyirik. Mənim özümə zəng vurub biletlərin harda satıldığını soruşurlar. Bu, ölkədə gimanstikanın populyarlığı və insanların tribunaları dolduracağından xəbər verir. Azarkeşlərin rahatlığı üçün biz həm kompleks, yəni yarışın bütün günlərini, həmçinin yarışın ayrı-ayrı günlərini izləmək imkanı verən biletlər hazırlamışıq.

- Tamaşaçıları həmişə olduğu kimi çempionatın açılış və bağlanması mərasiminin təfərrüatları maraqlandırır. Bəlkə sirr pərdəsini bir qədər açasınız..

- Deyə bilərəm ki, Moskvadan rejissor Aleksey Sençenovu dəvət etmişik. O, müxtəlif növ şou-proqramların tanınmış quruluşçusudur. Çoxlu işıq və səs effektləri, gözəl dekorasiyalar olacaq. Maraqlı məqam odur ki, şərqdən olmayan rejissorun şousunda Azərbaycan tarixini, bizim əfsanə və nağılları əks etdirən süjetlər yer alacaq. Yeri gəlmişkən, açılış və bağlanma mərasimləri vahid süjetlə birləşdiriləcək. Ona görə də tamaşaçıları hər iki mərasimdə iştirak etməyə çağırıram.

- AÇ-nin reklam kampaniyası sizi qane edirmi?

- İllər keçdikcə biz marketinq planında daha da təcrübəli oluruq. Federasiyada bu məsələyə yanaşma daha da peşəkarlaşıb. Çempionatın reklam kampaniyasının gedişi məni qane edir. Bizim bu istiqamətdə dəqiq hesablanmış fəaliyyət planımız var idi və gələn zənglərdən belə qənaətə gəlirik ki, insanlar çempionatdan xəbərdardır, onunla maraqlanırlar. Çempionatın talismanı Gözəl adlı ceyran da öz rolunu oynadı. Hesab edirəm ki, bu, marketoloqlarımızın uğurlu addımıdır.

TV-də çempionat yüksək səviyyədə işıqlandırılacaq. Azərbaycanda yayım "Lider TV"də aparılacaq. Xarici telekanallardan "RTR Sport" və "Eurosport"u qeyd edə bilərəm. Bədii gimnastika Avropada yetərincə populyar idman növüdür, ona görə də belə məşhur kanalların Bakıdan yayım aparmasında təəccüblü heç nə yoxdur.

Xəbər lenti

Xəbər lenti