...

Azərbaycan və Türkiyə ali məktəblərinin magistratura pilləsinə qəbul imtahanlarının nəticəsi açıqlanıb

Cəmiyyət Materials 23 İyun 2009 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) çərşənbə axşamı Azərbaycan və Türkiyə ali məktəblərinin magistratura pilləsinə keçirilmiş qəbul imtahanlarının nəticəsini açıqlayıb.

Qəbul imtahanlarının ikinci mərhələsinin nəticələrinə əsasən, 3541 bakalavr Azərbaycan ali məktəblərinin, 10 nəfər isə Türkiyə ali məktəblərinin magistratura pilləsinə qəbul olub.

"İmtahanda iştirak hüququ olan 6293 bakalavrdan 6240 nəfəri imtahanda iştirak edib, 53 nəfər imtahana gəlməyib. Bir nəfər isə imtahan qaydalarını pozduğu üçün xaric edilib", - TQDK-nın məlumatında bildirilib.

Trend -un arayışı:  Bu il Azərbaycanın 33 ali məktəbində magistratura pilləsi üzrə 5168 plan yer ayrılmışdı. Bu yerlərdən 3720-si Azərbaycan, 753-ü isə rus bölməsi, 695 yer isə ümumi müsabiqə üçün ayrılmışdı. Magistrtaura pilləsinə qəbul imtahanının birinci mərhələsi mayın 3-də, ikinci mərhələsi isə iyunun 21-də keçirilib.

TQDK bildirir ki, ali məktəblərin magistratura pilləsinə qəbul olanlar iyunun 25-dən iyulun 15-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Magistraturaya qəbulun nəticəsi ilə bağlı müraciətlərə apellyasiya komissiyası tərəfindən baxılacaq. Hazırda ali məktəblərə qəbul imtahanlarına hazırlıq işləri görüldüyündən apellyasiya bir aydan sonra (iyulun 28-dən 30-dək) aparılacaq. Göstərilən tarixdə müsabiqə şərtlərini ödəyən bakalavrlarlardan magistraturanın boş qalan plan yerlərinə ərizələr qəbul ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti