...

Azərbaycanın Şirvan şəhərində insan alverinə qarşı şəbəkə fəaliyyətə başlayıb

Cəmiyyət Materials 30 İyul 2009 16:33 (UTC +04:00)
Azərbaycanın Şirvan şəhərində İnsan Alverinə Qarşı Şəbəkənin (NAHTAZ) regional ofisi açılıb.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Şirvan şəhərində İnsan Alverinə Qarşı Şəbəkənin (NAHTAZ) regional ofisi açılıb.

"Ofisin açılışı ilə bağlı təqdimat mərasimi Şirvan şəhərində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Şirvan resurs mərkəzində keçirilib", - cümə axşamı Trend -a İnsan Alverinə Qarşı Şəbəkədən bildirilib.

Trend -un arayışı: 2009-cu ilin birinci yarısında insan alveri ilə bağlı cinayətlərə görə 134 nəfər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatına görə, qadınlara qarşı törədilən belə cinayətlərin sayı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz azalıb.

Keçən ilin müvafiq dövründə 113 belə cinayət hadisəsi qeydə alınıbsa, 2009-cu ilin birinci yarısında bu rəqəm 95 olub. Həmin cinayətləri törədənlərin 68,7 faizi (92) qadınlar olub.

Regional ofisin yaradılmasında məqsəd Şirvan bölgəsində insan alverinə qarşı mübarizəni gücləndirmək, regionda insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və regional QHT-lərlə Bakı şəhərində fəaliyyət göstərən QHT-lər arasında əməkdaşlığın inkişaf etdirilməsini təmin etmək, insan alveri qurbanlarına yardım göstərmək, QHT-lərlə dövlət orqanları arasında əlaqəni inkişaf etdirmək və insan alverinə qarşı ictimaiyyəti məlumatlandırmaqdır. "Açılış mərasimində səfirliklərin, beynəlxalq təşkilatların, yerli QHT-lərin nümayəndələri, o cümlədən İnsan Alverinə Qarşı Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsinin təsisçiləri iştirak ediblər. Şəbəkə üzvlərindən "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev və "Qadın Krizis Mərkəzi" İctimai Birliyinin rəhbəri Mətanət Əzizova, Gənclər İnsan Alverinə Qarşı İctimai Birliyinin rəhbəri Asif İsmayılov Şəbəkənin fəaliyyəti və yeni ofisin görəcəyi işlər barədə məlumat veriblər", - məlumatda vurğulanır.

2009-cu il yanvar ayından fəaliyyətə başlayan İnsan Alverinə Qarşı Şəbəkə (NAHTAZ) insan alveri ilə mübarizə sahəsində öz fəaliyyətini genişləndirməkdə davam edir. "Aparılan tədqiqatlara və DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin hesabatlarına uyğun olaraq insan alveri faktlarının daha çox müəyyən edildiyi regionlarda şəbəkə daha aktiv fəaliyyət göstərir. Bundan əvvəl martın 26-da şəbəkənin Gəncə şəhərində regional ofisi açılıb", - məlumatda əlavə olunur.

Layihə Norveç Səfirliyinin, Maliyyə və Avrasiya Əməkdaşlıq Fondunun texniki dəstəyi ilə həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti