Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir F.Hüseynli /
Bu gün Fransanın Briv la Qayard şəhərində start götürəcək akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycanı təmsil edən Teymur Kutseba - Aleksandr Qlotov duetinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib.
Azərbaycanın Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, iki nəfərlik sükansız qayıqda (JM2-) yer alan 17 yaşlı avarçəkənlərimiz mübarizəyə Bakı vaxtı ilə saat 14:24-də başlayacaqlar.
Onların rəqibləri Ernestas Zarskis - Rolandas Maskinkas (Litva), Anis Tekuk - Lies Kasdi (Əlcəzair), Vu Min Park - Donq Jin Kim (Cənubi Koreya), Anibal Aravena Qarsiya - Luis Saumann Salas (Çili), Yasin Xan - Muneş Kumar (Hindistan) olacaq. Reqlamentə əsasən, ilk 4 yeri tutacaq avarçəkənlər ¼ finala, sonrakı 2 iştirakçı isə təsəlliverici mərhələyə vəsiqə qazanacaq.
Kutseba - Qlotovun çıxış etdiyi kateqoriyada ümumilikdə 26 ölkə mübarizə aparır. Avqustun 8-də keçiriləcək A finalında onlar arasından ilk 5-liyə düşəcək cütlüklər 2010-cu ildə Sinqapurda təşkil olunacaq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]