...

Azərbaycana turistlərin cəlb edilməsi üçün Kiyev-Gəncə-Kiyev aviareysi açılır

Cəmiyyət Materials 7 Avqust 2009 16:41 (UTC +04:00)
"Razılaşmaya əsasən, avqustun 17-dən etibarən hər həftənin bazar ertəsi günorta saatlarında Kiyev şəhərindən Gəncəyə 180 nəfərlik tutumu olan aerobuslar uçacaq. Həftənin həmin günü saat 19:30-da isə Gəncədən Kiyevə təyyarələr uçacaq. Reysin açılmasında məqsəd sərnişinlərin Ukrayana ilə Gəncə arasında gediş-gəlişinin rahatlığını təmin etmək, eləcə də Ukrayna vətəndaşlarının Gəncə bölgəsinə, Qəbələ, Daşkəsən və digər yaxın rayonlara səfərlərinin rahatlığını həyata keçirməkdir", - cümə günü Trend News-a Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəliyinin təmsilçisi Möhlət Hüseynov bildirib.
Azərbaycana turistlərin cəlb edilməsi üçün Kiyev-Gəncə-Kiyev aviareysi açılır

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir C.Babayeva /

Ukraynadan Azərbaycana turistləri cəlb etmək və onların səfərlərini asanlaşdırmaq məqsədilə Kiyev-Gəncə-Kiyev təyyarə reysi fəaliyyətə başlayacaq. Reysin açılması barədə razılıq Azərbaycan diasporunun "Donbasaero" şirkəti ilə apardığı danışıqlar nəticəsində əldə olunub.

"Razılaşmaya əsasən, avqustun 17-dən etibarən hər həftənin bazar ertəsi günorta saatlarında Kiyev şəhərindən Gəncəyə 180 nəfərlik tutumu olan aerobuslar uçacaq. Həftənin həmin günü saat 19:30-da isə Gəncədən Kiyevə təyyarələr uçacaq. Reysin açılmasında məqsəd sərnişinlərin Ukrayana ilə Gəncə arasında gediş-gəlişinin rahatlığını təmin etmək, eləcə də Ukrayna vətəndaşlarının Gəncə bölgəsinə, Qəbələ, Daşkəsən və digər yaxın rayonlara səfərlərinin rahatlığını həyata keçirməkdir", - cümə günü Trend -a Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəliyinin təmsilçisi Möhlət Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, reysin açılmasında digər bir məqsəd Ukraynadan olan turistlərin Azərbaycana səfərlərini asanlaşdırmaq və onları ölkəmizə cəlb etməkdir. "İstəyirik ki, ukraynalılar ölkəmizdə turizmin inkişafında daha yaxından iştirak etsinlər. Bununla belə, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasını təmin etmək istəyirik. Çünki Gəncə zonası cəbhə bölgəsinə daha yaxın olan ərazidir və burada erməni vəhşiliyi ilə daha yaxından tanış olmaq üçün çoxsaylı faktlar var. Yeni təyyarə reysi vasitəsilə Ukraynanın 10 regionunda yaşayan həmyerlilərimiz, eləcə də ukraynalılar tranzit şəhər kimi Kiyevə gətirilib, oradan da Gəncəyə çatdırılacaqlar", - o deyib.

Onun sözlərinə görə, eyni zamanda Moskva şəhərindən Gəncəbasar zonasına gəlmək istəyən insanlar da yeni təyyarə reysi vasitəsilə daha asan yolla Gəncəyə gələcəklər. "Gəncədən Kiyevə gedən sərnişinlər bu şəhərə çatdırıldıqdan sonra yerli reyslərlə, amma eyni biletlə və daha ucuz şərtlərlə Ukraynanın Donetsk, Odessa və başqa şəhərlərinə gedə biləcəklər. Eyni zamanda, Kiyevə hava limanına enən vətəndaşlarımız buradan Moskvaya gedə biləcəklər", - Hüseynov deyib.

O bildirib ki, Kiyev-Gəncə-Kiyev reysində sərnişinlərin daşıdığı yükün həcmi 20-dən 30 kiloqrama qaldırılacaq. "Yaşlı insanlara, eləcə də ailəliklə Kiyevə getmək istəyənlərə biletlər 50-60 faiz endirimlə satılacaq. Habelə media işçiləri, diaspor nümayəndələri, eləcə də Ukraynadakı tədbirlərə qatılmaq məqsədilə Gəncədən bu ölkəyə getmək istəyənlərə biletlər 90 faiz endirimlə satılacaq. Əminəm ki, yeni açılan bu reyslər vasitəsilə Ukrayna ilə Gəncə arasında sərnişinlərin rahat şəkildə gediş-gəlişi təmin olunacaq", - Hüseynov deyib.

Onun sözlərinə görə, gələcəkdə Kiyevdən Gəncəyə gələn sərnişinlərin marşrut avtobusları vasitəsilə Gəncəətrafı rayonlara aparılıb-gətirilməsi də nəzərdə tutulub.

Trend -un arayışı: Hazırda "Donbasaero" şirkəti Odessa-Bakı-Odessa reysini də həyata keçirir. "Donbasaero" aviaşirkəti ilə öncə Odessa-Gəncə-Odessa reysinin açılması barədə danışıqlar aparılsa da, sonradan Kiyev-Gəncə-Kiyev reysinin açılması barədə razılıq əldə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti