Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir C.Babayeva /
Gənclər və İdman Nazirliyi xaricdəki azərbaycanlı gənclərin təşkilatlanma səviyyəsindən razıdır.
"Son zamanlar xaricdə təhsil alan azərbaycanlı gənclərin fəallığı artıb və bu bizi sevindirir. Azərbaycanın gənclər təşkilatlarının ölkə hüdudlarından kənarda əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi onların inkişafına müsbət təsir göstərir, həmçinin dünyada Azərbaycan haqqında müsbət fikir formalaşdırır", - çərşənbə günü Trend -a nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
"Gənclər və İdman Nazirliyi Azərbaycan gəclərinin xaricdəki fəaliyyətini dəstəkləyir", - Məmmədova bildirib. "Nazirlik Azərbaycanın MDB və Avropa ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə əməkdaşlıq edir. Azərbaycanın xaricdəki gənclər təşkilatlarından çox şey gözləyirik. Onlar Azərbaycan həqiqətlərini beynəlxalq cəmiyyətə daha səmərəli üsullarla çatdırmalı, yaşadıqları ölkənin ictimai həyatında iştirak etməli və ən əsası yüksək təhsil alaraq işlərində əsl peşəkar olmalıdırlar", - mətbuat xidmətinin rəhbəri bildirib.
Azərbaycan gəncləri ölkənin ictimai həyatında da fəaliyyətlərini fəallaşdırıblar. "Fəallığın artırılmasında gənclər təşkilatları mühüm rol oynayır. Onlar dövlətin gənclər siyasətinin həyata keçirilməsində əsas tərəfdaş qismində çıxış edirlər. Gənclər həmçinin vətəndaş cəmiyyətinin formalaşmasında da fəal iştirak edirlər. Nazirliyin gənclər təşkilatları ilə əməkdaşlığı və dövlət tərəfindən göstərilən diqqət gənc nəslin hərtərəfli inkişafını təmin edir", - o bildirib.
Mətbuat xidməti rəhbərinin sözlərinə əsasən, gənclər təşkilatları digər qeyri-hökumət təşkilatlarından maraqlı və davamlı layihələri ilə fərqlənir. "Azərbaycan gəncliyi inkişafa doğru gedən, müasir və şüurlu gənclərdən ibarətdir. Layihələrimizdə işləyən yeni kadrlar və müxtəlif strukturlarda uğurlu fəaliyyət göstərən gənc mütəxəssislər nəsli buna sübutdur", - Məmmədova bildirib.
Avqustun 12-də Beynəlxalq Gənclər günü qeyd olunur. Azərbaycan əhalisinin altmış faizini 14-29 yaş arası gənclər təşkil edir. Ölkədə 180 uşaq və gənclər təşkilatı fəaliyyət göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]