...

Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib

Cəmiyyət Materials 30 Sentyabr 2009 18:44 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının növbəti geniş iclası keçirilib.
Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir C.Babayeva/

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının növbəti geniş iclası keçirilib.

Komissiyadan Trend -a bildiriblər ki, ıclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov deyib ki, komissiyasının beynəlxalq əlaqələri genişlənib, itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma tədbirləri güclənib. BQXK-nin təklifi ilə "Ante Mortem Proqramı" üzrə imzalanmış Çərçivə Sazişinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə zəruri işlərin aparıldığı qeyd olunub.

İclasda qeyd olunub ki, komissiyada olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 1082 nəfər barədə sorğu göndərilib. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsindən daxil olmuş sorğuya əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində ölkəmizin maraqlarını müdafiə edən vəkillər üçün məlumatlar elektron formatda hazırlanaraq təqdim olunub.

Komissiyada və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 932 şəxslə bağlı əldə olunmuş məlumatlar təhlil edilib, sistemləşdirilərək məlumat bazalarına əlavə edilib. Komissiyaya müraciət etmiş 243 itkinin yaxın qohumları İşçi qrupunda qəbul edilərək onlara görülmüş işlər barədə ətraflı məlumat verilib. İtkin kimi qeydiyyatdan keçən 212 nəfərin taleyi müəyyən olunub və adları siyahıdan çıxarılıb.

Hesabat dövründə əsir götürülmüş 2 Azərbaycan əsgəri və girov götürülmüş 1 mülki şəxs azad olunub, şəhid olmuş 1 əsgərimizin meyidi qarşı tərəfdən alınaraq dəfn olunmaq üçün valideynlərinə verilib.

Qoşunların təmas xəttində əsir düşmüş 5 Ermənistan hərbçisi və 1 mülki şəxs qarşı tərəfə qaytarılıb. Mənsub olduğu dövlətin ərazisinə qayıtmaq istəməyən 1 Ermənistan hərbçisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə üçüncü ölkəyə göndərilib. Qeyd olunub ki, sentyabrın 1-nə olan məlumata əsasən, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib.

Dövlət Komissiyası tərəfindən hazırlanmış materialların xarici ölkələrdə yayılmasına xüsusi diqqət yetirildiyi qeyd olunub. Belə ki, Dövlət Komissiyasının materiallar toplusu 1700 nüsxədə, 14 adda 10 min 380 ədəd kitab, 10 adda 24 min 730 ədəd kompakt disk yayılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti