...

Azərbaycan Ədliyyə Nazirliyi İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisinin işi ilə bağlı sorğu göndərib

Cəmiyyət Materials 3 Noyabr 2009 15:25 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyi İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisinin işi ilə bağlı bu ölkənin müvafiq qurumuna sorğu göndərib, çərşənbə axşamı Trend News-a Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə məlumat verib.
Azərbaycan Ədliyyə Nazirliyi İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisinin işi ilə bağlı sorğu göndərib

Azərbaycan, Bakı, 3 noyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyi İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisinin işi ilə bağlı bu ölkənin müvafiq qurumuna sorğu göndərib, çərşənbə axşamı Trend -a Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə məlumat verib.

"Bu məsələ Ədliyyə Nazirliyinin nəzarətindədir. Yaxın vaxtlarda İranın sorğuya cavab verəcəyinə ümid edirəm", - Ədliyyə Nazirliyinin sözçüsü deyib.

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın "Sazan Elektronics İndustry company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkətin direktoru Eftexarinin təkidli xahişindən sonra Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə onu viza problemini bəhanə gətirərək həbs ediblər.

İranın "Sazan Elektronics İndustry company" şirkətinin rəhbəri Abbas Eftexari öncə Trend -a bildirib ki, Əliyevin həbsinin həmin şirkətlə Bakı Dövlət Universiteti arasında bağlanmış müqavilə ilə heç bir əlaqəsi yoxdur.

Əliyev hazırda Evin həbsxanasında beşinci korpusda saxlanılır.

Əliyev 38 yaşında BDU-da elmi fəaliyyətini müvəqqəti dayandıraraq könüllü hərbi xidmətə gedib. 1999-cu ilədək N saylı xüsusi təyinatlı hissədə rabitə sistemi qurub, xüsusi təyinatlı lazer texnikasının hərbi hissədə sınaqlarının təşkili və keçirilməsində yaxından iştirak edib.

Sərhəd Qoşunlarının "Keşikçi gəmisi", Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədqiqat gəmisi", "Balıq mühafizə gəmisi"nin əsaslı təmirinə cəlb olunub.

Alimin həbsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İranın Xarici İşlər Nazirliyinə dəfələrlə nota versə də, qarşı tərəf indiyədək rəsmi cavab verməyib.

"Onu milli təhlükəsizlik məsələsi ilə bağlı həbs ediblər. Daha açıq desəm, casusluq məsələsinə görə həbs olunub", - deyə Eftexari bildirib.

Alimin Hüquqularının Müdafiə Komitəsinin sədri Soltanhəmid Məlikov çərşənbə axşamı Trend -a bildirib ki, Əliyevə qarşı irəli sürülən casusluq ittihamı uydurmadır.

"Əgər o, doğurdan da casusluq ittihamına görə həbs olunubsa, İran onun müqavilə başa çatandan sonra Azərbaycana qayıtmasına imkan verməzdi. Həmçinin onun İranda həbsdə olduğu bir ildən artıq müddətdə ona qarşı belə bir ittihamın irəli sürüldüyü barədə rəsmi məlumat verərdilər. Bu ittiham sonradan, əsassız olaraq Rəşid Əliyevə qarşı irəli sürülüb", - komitə sədri deyib.

Məlikov bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın İrana yeni təyin olunmuş səfiri Cavanşir Axundovla görüşməyi düşünür və alimin həbsdən azad olunması işində yardım etməyi ondan xahiş edəcək.

İranın Azərbaycandakı səfirliyi də məlum məsələ ilə bağlı açıqlama vermir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti