...

Azərbaycanda işgəncə ilə bağlı 110 müraciət daxil olub - İşgəncələr Əleyhinə Komitə

Cəmiyyət Materials 7 Dekabr 2009 13:55 (UTC +04:00)
"2009-cu ilin ötən dövründə baş verən işgəncələrdən 6 nəfər dünyasını dəyişib. 3 ölüm faktı işgəncə zamanı baş verib. 3 nəfər isə işgəncə nəticəsində özünü öldürmə həddinə çatdırılıb", - Trend News-un məlumatına görə, bazar ertəsi keçirdiyi mətbuat konfransında İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov bildirib.
Azərbaycanda işgəncə ilə bağlı 110 müraciət daxil olub - İşgəncələr Əleyhinə Komitə

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın İşgəncələr Əleyhinə Komitəsinə işgəncə ilə bağlı 110 müraciət daxil olub.

"2009-cu ilin ötən dövründə baş verən işgəncələrdən 6 nəfər dünyasını dəyişib. 3 ölüm faktı işgəncə zamanı baş verib. 3 nəfər isə işgəncə nəticəsində özünü öldürmə həddinə çatdırılıb", - Trend -un məlumatına görə, bazar ertəsi keçirdiyi mətbuat konfransında İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov bildirib.

Behbudovun sözlərinə görə, işgəncəyə məruz qalanların təxminən 15 nəfəri qadınlardır. "İl ərzində işgəncəyə məruz qalanların arasında yetkinlik yaşına çatmayanlar da var", - komitə rəhbəri əlavə edib.

O deyib ki, 2008-ci ildə komitəyə işgəncələrlə bağlı 81 müraciət daxil olmuşdu. "Həmin insanların 3 nəfəri dünyasını dəyişmişdi", - Behbudov vurğulayıb.

Komitə rəhbərinin fikrincə, işgəncələr ən çox ibtidai istintaq dövründə baş verir. "İşgəncələrə görə təkcə Daxili İşlər Nazirliyini tənqid etmək düzgün olmazdı. Digər hüquq-mühafizə orqanlarında da işgəncə faktları qeydə alınır", - o xatırladıb.

Behbudov bildirib ki, işgəncə faktları polis orqanlarında qeydə alınmasına baxmayaraq, ən şəffaf monitorinq də həmin orqanlarda aparılır. "Bizim nümayəndələrimiz istənilən vaxt heç bir xəbərdarlıq etmədən istənilən polis orqanında saxlanılan şəxslə görüşə bilir və heç bir mane yaradılmır", - komitə rəhbəri əlavə edib.

Onun fikrincə, işgəncə üsulları əvvəlki illərdən fərqli olaraq dəyişməyib. "Bu il də ən çox işgəncə izi qalmasın deyə saxlanılan şəxsin ayaqlarının altına dəyənəklə vurulmaqla həyata keçirilib. Bundan başqa, dəriyə yanmış siqaret basılması, elektrikə vermək, dırnaq çıxarmaq və digər üsullarla da işgəncələr baş verib", - Behbudov deyib.

Komitə rəhbərinin sözlərinə görə, işgəncələrlə bağlı indiyədək bir nəfər belə məsuliyyətə cəlb olunmayıb. "Bizə daxil olan işgəncə faktları ilə bağlı müvafiq qurumlara müraciət etmişik. Lakin indiyə qədər verilən cavabların hamısında faktların təsdiqlənmədiyi bildirilib", - o xatırladıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti