...

Azərbaycan Parlamentində "Elmi fəaliyyət haqqında" qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 30 Yanvar 2010 12:44 (UTC +04:00)
"Qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir", - Trend News-un məlumatına görə, şənbə günü keçirilən iclasda Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.
Azərbaycan Parlamentində "Elmi fəaliyyət haqqında" qanun layihəsi hazırlanıb

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitəsində "Elmi fəaliyyət haqqında" qanun layihəsi hazırlanıb.

"Qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir", - Trend -un məlumatına görə, şənbə günü keçirilən iclasda Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Hacıyevin sözlərinə görə, bu qanunun qəbulu nəticəsində vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaranır. "Elmi fəaliyyət yeni elmi biliklərin əldə edilməsi və tətbiqinə yönəldilmiş fəaliyyətdir. Buraya fundamental və tətbiqi elmi tədqiqatlar, elmi-texniki araşdırmalar, eksperimental işləmələr, elmi innovasiya və digər işlər aid edilə bilər",-deyə komitə sədri əlavə edib.

Onun sözlərinə görə, elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas məqsədi elmi potensialın inkişaf etdirilməsi, onun səmərəli yerləşdirilməsi və istifadə olunması, iqtisadiyyatın inkişafında və mühüm sosial vəzifələrin yerinə yetirilməsində, ölkənin müdafiə qabiliyyətinin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsində elmin bazis rolunun artırılmasından ibarətdir.

Hacıyev məlumatına görə, layihədə nəzərdə tutulub ki, dövlət elmi müəssisə və təşkilatları yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elan oluna bilər. Fundamental elmi tədqiqatlar aparan dövlət elmi müəssisə və təşkilatları isə özəllləşdirilə bilməz.

Komitə sədri deyib ki, layihədə elmi fəaliyyətin maliyyələşdirilməsi ilə bağlı maddə də öz əksini tapıb.

"Elmi fəaliyyətin maliyyələşdirilməsi dövlət büdcəsinin, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri və ya cəlb olunmuş vəsaitlər, o cümlədən qrantlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilə biləcək", -Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti