...

Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb

Cəmiyyət Materials 1 Fevral 2010 12:55 (UTC +04:00)
Bu gündən Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb. www.Milli.Az xəbər portalı Azərbaycan dilində yayımlanan internet xəbər resursudur.
Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir M.Əliyev/ Bu gündən Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb. www.Milli.Az xəbər portalı Azərbaycan dilində yayımlanan internet xəbər resursudur.

Portal Day.Az informasiya şirkətinə məxsus saytlardan biridir. www.Day.Az rus dilində, www.Today.Az ingilis dilində, www.Milli.Az isə Azərbaycan dilində fəaliyyət göstərir.

www.Milli.Az Azərbaycanda və dünyada baş verən mühüm və maraqlı hadisələr barədə gündəlik, operativ informasiyalar, məqalələr yayımlayır. Sayt həftənin bütün günləri fəaliyyət göstərir və daim xəbərlərlə yenilənir.

Portal - siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, şou-biznes, idman, fövqəladə və kriminal hadisələr barədə, həmçinin cəmiyyət həyatının digər sahələrinə dair informasiyalarla yanaşı, maraqlı fotosessiyalar, internet radiosu, video materiallar da təqdim edir. Həmçinin oxucuların yazılarını, onlar tərəfindən çəkilən "mobil reportajlar"ı yayımlayır.

Portalın informasiya kursu bütövlükdə cəmiyyətin maraq dairəsini əhatə etməkdən ibarətdir. Bu resurs hər bir vətəndaşın oxuya biləcəyi və maraqlanacağı, istədiyi məlumatları ala biləcəyi və etibar edəcəyi əsas informasiya mənbəyinə çevrilməyi hədəf seçib.
Portalın informasiya vasitəsi kimi üstünlüyü onun bütün xəbər resurslarını əhatə etməsidir. Belə ki, saytda yerli və dünya agentliklərinin, qəzet və jurnalların, xəbər saytlarının məlumatlarından istifadə olunur. Portal həmçinin özünün informasiya məhsullarını - xəbər və məqalələri, araşdırmaları, müxtəlif mövzulara dair müəllif yazılarını, foto-reportajları, video-xəbərləri istifadəçilərin diqqətinə çatdırır.

Portalda həmçinin oxucularla ünsiyyət qurulub. Oxucular üçün nəzərdə tutulan bölməyə onlar öz yazılarını təqdim edərək, bununla özləri müəllifə çevrilə bilərlər. Oxucularımız öz maraqlı yazılarını, ədəbi-bədii əsərlərini geniş kütlə ilə bölüşmək imkanı qazanırlar.
www.Milli.Az həmçinin hər bir vətəndaşa, oxucularına özlərini jurnalist kimi sınamaq imkanı da yaradır. Jurnalist fəaliyyətinin ən maraqlı hissəsi olan reportajlar hazırlamaq və portala göndərmək oxuculara təklif edilir. İstənilən şəxs mobil telefonlarla, foto və video kameralarla qeydə aldığı maraqlı görüntüləri portala - 9880 qısa nömrəsinə göndərir və bu materiallar "mobil reportaj" bölməsində və xəbər lentində yerləşdirilir.

Hər ayın sonunda ən maraqlı reportaj göndərən şəxsə qiymətli hədiyyə təqdim olunacaq.
Portal internet radio xidmətinə də qoşulub. İstifadəçilər saytda müvafiq düyməni basmaqla Day.Az Radiosunu dinləyə bilərlər. Radio hər gün 24 saat fəaliyyət göstərir və əsasən musiqilər, müxtəlif tok-şoular, ictimai-siyasi proqram, musiqili-əyləncəli verilişlər təqdim edir.

www.Milli.Az xəbər portalı hər kəsdən və hər şeydən xəbər verir.

Xəbər lenti

Xəbər lenti