Azərbaycan, Bakı, 18 fevral / Trend /
Azərbaycanın TREND Beynəlxalq İnformasiya Agentliyi və Almaniyanın DPA İnformasiya Agentliyi bu həftə Bakıda birgə məhsulların dərc edilməsi perspektivlərini müzakirə ediblər ki, bu da şirkətlərin və informasiya bazarının müştəri bazasının genişlənməsinə imkan verir.
1949-cü ildə təsis edilmiş və dünyanın aparıcı agentliklərindən biri olan DPA agentliyinin nümayəndələri TREND BİA ilə artıq bir neçə ildir davam edən informasiya tərəfdaşlığını yüksək qiymətləndirib və bu cür əməkdaşlığın gələcəkdə möhkəmlənməsinin yüksək perspektivlərini qeyd edib.
DPA Global media service-in icraçı direktoru Rayner Finke və DPA-nın regional bürosunun rəhbəri Karlsten Hofman qeyd edib ki, TREND son illər ərzində əhəmiyyətli beynəlxalq nüfuz qazanıb, agentliyin materialları müntəzəm olaraq dünyanın aparıcı KİV-dən sitatlar gətirir, həmçinin TREND tərəfindən MDB, Xəzər, Mərkəzi Asiya ölkələrinin bazarları ilə bağlı regional xəbərlərin işıqlandırılması yüksək qiymətləndirilir. Dünyanın bir çox regionlarının aktual problemlərini əhatə edəcək birgə informasiya və analitik məhsulların dərc edilməsinin imkanları müzakirə olunub. DPA agentliyinin nümayəndələri xarici informasiya bazarındakı işində yardıma görə TREND-ə minnətdarlıqlarını bildiriblər.
DPA agentliyinin yüksəkvəzifəli əməkdaşları TREND agentliyinin ofislərinin yerləşməsi ilə tanış olub, onlara agentliyin ən son jurnalistika və dizayner tələblərinə uyğun olaraq layihələndirilmiş nyusrumları (xəbər otaqları) nümayiş etdirilib.
DPA agentliyinin nümayəndələri ilə yeni regional bazarlara daxil olmaq məsələsi ilə yanaşı, TREND agentliyinin informasiya dairəsinin genişləndirilməsi məsələsi də müzakirə edilib.
TREND 1995-ci ildə Azərbaycanda yaradılmış müstəqil informasiya agentliyidir, Qafqazda, Xəzərsahili regionda və Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. TREND Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər dərc edir.
Almaniyanın ən iri informasiya agentliklərindən biri olan DPA Hamburqda yerləşir. Alman, ingilis, ispan və ərəb dillərində xəbərlər dərc edir.