...

Azərbaycanda valyutadəyişmə məntəqələrinə silahlı basqınlarda ittiham olunan keçmiş polis əməkdaşlarının işindən verilən kassasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 20 Aprel 2010 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda valyutadəyişmə məntəqələrinə və digər obyektlərə silahlı basqınlarda ittiham olunan keçmiş polis əməkdaşlarının işindən verilən kassasiya şikayəti təmin edilməyib.

Trend-in məlumatına görə, bu gün Ali Məhkəmədə Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ), Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşı Mehdi Əmirəliyev, DİN Şuşa Şəhər Şöbəsində və BMCMİ-də əməliyyat müvəkkili işləmiş İrac Nəsrullayev və polis əməkdaşları Ceyhun Qarayev, Rauf Rzayev, Seyran Bağırovİsmayıl Feyziyevin apelyasiya şikayəti üzrə keçirilən ilkin məhkəmə baxışının qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Aydın Hacıyevin Bakı Apelyasiya Məhkəməsində apelyasiya şikayətinin məhkəmə istintaqı ilə aparılması ilə bağlı verdiyi kassasiya şikayəti təmin edilməyib. Məhkəmə qərara alıb ki, Bakı Apelyasiya Məhkəməsində apelyasiya şikayəti məhkəmə istintaqı aparılmadan baxılsın.

Hacıyev iddia edib ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə cinayət işi düzgün araşdırılmayıb və buna görə də təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya şikayəti verib.

Təqsirləndirilən şəxslər isə cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti veriblər.

Təqsirləndirilən şəxslər dəstə yaradaraq, 1998-2008-ci illərdə valyutadəyişmə məntəqələrinə basqınlar edərək, külli miqdarda maddi vəsait ələ keçirmək üçün cinayətlər törədiblər. Dəstə Bakının müxtəlif rayonlarında 20-dən artıq belə cinayət törədib.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Mehdi Əmirəliyev və İrac Nəsrullayevin hər birinə 15 il, İsmayıl Feyziyevlə Ceyhun Qarayevin hərəsinə 12, Rauf Rzayevə 4 və Seyran Bağırova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Dəstə üzvləri 2008-ci il sentyabrın 30-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 180-ci (soyğunçuluq), 217-ci (banditizm), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti