Monqolustanın "Montsame" İnformasiya Agentliyi və Azərbaycanın Trend Beynəlxalq İnformasiya Agentliyi informasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. İmzalanma tərəflərin Seulda Asiya və Sakit okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) sammit-konqresində iştirakı çərçivəsində baş tutub. Sazişi Trend-in baş direktoru İlqar Hüseynov və "Montsame"in baş direktoru Tuqalhuugiyn Baasansuren imzalayıb.
Sənədə əsasən, tərəflər müntəzəm informasiya, analitik materillar, həmçinin, öz ölkələrinin daxili və beynəlxalq həyatına dair aktual fotoşəkillərin mübadiləsini həyata keçirəcəklər. Tərəflər dövlət başçılarının və rəsmi nümayəndə heyətlərinin səfərlərinə informasiya dəstəyinin təminatında, həmçinin, iki ölkə ərazisində keçirilən dövlətlərarası aksiya və tədbirlərdə sıx əməkdaşlıq etmək niyyətindədir.
"Montsame" Monqolustanın Dövlət İnformasiya Agentliyidir. 1957-ci ildə Ulan-Batorda təsis edilib. Agentlik monqol, rus və ingilis dillərində materiallar buraxır. "Montsame" dünyanın iri informasiya agentlikləri ilə əməkdaşlıq edir. Onların arasında Röyters, Pressa Latina, Kiodo Susin, İTAR-TASS, "Sinxua" və başqaları var.
Trend 1995-ci ildə Azərbaycanda yaradılmış müstəqil informasiya agentliyi və Cənubi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər təchizatçısıdır. Trend hər gün beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 500-ə yaxın məlumat dərc edir. Trend müştərilərə siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklər tərəfindən yazılan yüksək keyfiyyətli multimedia materialları və analitik məqalələr təqdim edir.