...

Gürcüstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 27 May 2010 10:55 (UTC +04:00)
Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən gənclərlə çalışan QHT nümayəndələri, ali məktəb tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.
Gürcüstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 27 may /Trend/

Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı hər iki ölkənin Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən gənclərlə çalışan QHT-nin nümayəndələri, ali məktəb tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.

Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının üzvü Nərgiz Əliyeva Trend-ə bildirib ki, tədbirdə ittifaqın sədri Leyla Məmmədova çıxış edərək, hər iki dövlətin müstəqilliyinin Tbilisidə elan olunduğunu bildirib.

Məmmədova vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlı gənclər hər zaman bu ölkəni azad, müstəqil bir dövlət kimi görmək istəyirlər.

"Gürcüstanın müstəqilliyi uğrunda mübarizə aparanlar biz gənclərin vətənpərvər ruhda tərbiyələnməsinə bir nümunədir", - ittifaqın sədri deyib.

Elmi Aradırmalar Assosiasiyasının prezidenti Ehtiram Əmirxanlı 1918-ci ildə Gürcüstanın və Azərbaycanın müstəqillik tarixinin eyni yoldan keçdiyi haqqında danışıb.

O qeyd edib ki, tarixən dost olan gürcü və Azərbaycan xalqlarının müstəqillik taleləri də eyni olub.

"Müvəqqəti bir dövr yaşayan Zaqafqaziya Seymi dağıldıqdan sonra, Seymində fəaliyyət göstərən gürcü nümayəndələri və müsəlman fraksiyasının üzvləri ayrılaraq, müstəqillik aktlarını tarixin səhifəsinə yazmışlar", - Əmirxanlı deyib.

"Ziya" qəzetinin baş redaktoru Nizami Məmmədzadə öz çıxışında qeyd edib ki, hər iki ölkənin tarixi gənclərimizə təbliğ olunmalıdır. Gürcüstanda yaşayan hər bir azərbaycanlı gənc həm Azərbaycanın, həm də Gürcüstanın tarixini dərindən öyrənməli və onu gələcəyə ötürməlidir.

Xəbər lenti

Xəbər lenti