...

Azərbaycanda yeni telekanal açılacaq

Cəmiyyət Materials 5 İyun 2010 12:05 (UTC +04:00)
Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) payıza qədər mədəniyyət kanalının fəaliyyəti ilə bağlı müsabiqə elan edəcək.
Azərbaycanda yeni telekanal açılacaq

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) payıza qədər mədəniyyət kanalının fəaliyyəti ilə bağlı müsabiqə elan edəcək. Bu barədə şənbə günü Trend-ə şuranın üzvü Qafar Cəbiyev bildirib.

"Hazırda mədəni dəyərlərin təbliği, işıqlandırılması, əhalinin maarifləndirilməsi sahəsində çox ciddi boşluq var. Tamaşaçı istədiyini efirdə görə bilmir. Bunu nəzərə alaraq, yaxın zamanlarda mədəniyyət kanalının açılması üçün iş aparılır. Çünki özəl kanallar bu işin öhdəsindən gəlmirlər", - Cəbiyev deyib.

Azərbaycanda 8 ümumölkə üzrə yayımlanan televiziya, 14 regional televiziya, 13 radio fəaliyyət göstərir.

Cəbiyevin sözlərinə görə, yeni mədəniyyət kanalı üçün müsabiqədə iştirak edənlərin yaradıcılıq və texniki imkanları, kadr potensialı öyrəniləcək.

Mədəniyyət kanalının fəaliyyətinin maddi təminatına gəldikdə, MTRŞ üzvü hesab edir ki, bu cür kanalı tək reklamla yaşatmaq çətin olacaq ki, buna görə də dövlət sifarişinin miqyası genişləndirilə bilər.

MTRŞ üzvü deyib ki, mədəniyyət kanalı açılandan sonra müxtəlif zamanlarda xüsusi uşaq, tarixi və səhiyyə kanalının da açılması məsələsinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti