...

ABŞ Dövlət Departamenti Azərbaycanın insan alverinə qarşı mübarizəsini müsbət qiymətləndirib

Cəmiyyət Materials 17 İyun 2010 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

ABŞ Dövlət Departamenti Azərbaycanın insan alverinə qarşı mübarizəsini müsbət qiymətləndirib.

"2009-cu ildə Azərbaycan hökuməti insan alverinin qurbanlarına 625 min ABŞ dolları yardım ayırıb", - bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet saytında insan alveri sahəsində vəziyyətlə bağlı illik hesabatında məlumat verilib.

Hesabatda qeyd olunur ki, Azərbaycan dövləti bu sahədə inkişafa nail olmaq məqsədi ilə müxtəlif qanunlar qəbul edib və bunların həyata keçirilməsində uğurlu addımlar atıb.

ABŞ Dövlət Departamenti 2005-ci ildə qəbul edilmiş "İnsan alverinə qarşı mübarizə haqqında" qanunun tətbiqi sahəsində görülən işləri yüksək qiymətləndirib.

Hesabatda ölkənin hüquq-mühafizə orqanlarının insan alverində təqsirli bilinən şəxslərin aşkarlanıb istintaqa cəlb olunmasındakı rolu müsbət dəyərləndirilib.

2009-cu ilin mart ayında insan alveri qurbanları üçün yardım mərkəzinin açılması, mərkəzdə qurbanlara hüquqi yardım göstərildiyi vurğulanır.

Hesabatda Azərbaycan hökumətinin insan alveri ilə bağlı ictimaiyyəti məlumatlandırması sahəsində gördüyü işlər xüsusi vurğulanıb.

Ölkə ictimaiyyətinin məlumatlandırılması və potensial insan alveri qurbanlarının müəyyənləşməsində qeyri-hökumət təşkilatları ilə hökumət arasında sıx əməkdaşlığın yaradılması müsbət dəyərləndirilib.

Xəbər lenti

Xəbər lenti